image-1backend

İran izi, sosial şəbəkə “toru” və kütləvi həbslər – bir həftədə 70 kiloqramdan çox narkotik, onlarla saxlanılan…

image-ads-728x90

Azərbaycanda narkotiklərə qarşı mübarizə son günlər yeni mərhələyə keçib. Polis və sərhəd xidmətinin keçirdiyi ardıcıl əməliyyatlar göstərir ki, ölkə ərazisində formalaşdırılmağa çalışılan geniş narkotik şəbəkəsinə ciddi zərbə vurulur.

Korrekt.az  xəbər verir ki, təkcə son bir həftəyə yaxın müddətdə keçirilən əməliyyatlar zamanı ümumilikdə 73 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb, azı 12 nəfər saxlanılıb.

Rəsmi məlumatlarda əlavə olaraq 2999 ədəd güclü təsiredici xassəyə malik həb də aşkar edilərək götürülüb.

Bu rəqəmlər Azərbaycanın tranzit və hədəf bazarına çevrilməsi cəhdlərinin miqyasını açıq şəkildə ortaya qoyur. Ən diqqətçəkən məqam isə saxlanılanların bir çoxunun ifadələrində İran bağlantısının xüsusi yer tutmasıdır.

Paytaxtın mərkəzində narkoanbar: Nəsimidə 13 kiloqram

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin keçirdiyi əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilib. Eyni şöbənin digər əməliyyatında isə 39 yaşlı Taleh Bağırov tutulub. Ondan 8 kiloqram 413 qram heroin, tiryək, marixuana və metamfetamin götürülüb. İstintaq müəyyən edib ki, hər iki şəxs narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə əlaqə yaradaraq müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıb. Paytaxtın mərkəzində fəaliyyət göstərən bu şəbəkənin rolunu oynadığı ehtimal edilir.

Astara: sərhəddən gələn “yaşıl yük”

İranla sərhəddə yerləşən Astara rayonu yenə əsas tranzit nöqtələrdən biri kimi diqqət çəkib. Polis və sərhədçilərin birgə əməliyyatı zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıb. Onlardan 10 kiloqramdan artıq marixuana götürülüb. İlkin məlumata görə, narkotik vasitə İranda yaşayan narkotacir tərəfindən əvvəlcədən razılaşdırılmış sxem üzrə Azərbaycana göndərilib.

Xəzər rayonunda qardaşlarda psixotrop qarışıq götürülüb

Xəzər rayonunda keçirilən əməliyyat zamanı paytaxt sakinləri – Haqverdi Əhmədli, Mahir Əhmədov və qardaşı Elxan Əhmədov saxlanılıb. Onlardan 10 kiloqram 896 qram psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilib. İstintaqın versiyasına görə, narkotiklər yenə İran vətəndaşından satış məqsədilə əldə olunub.

Səbaildə 8 kiloqram zəhər tutulub: sosial şəbəkədən başlayan yol

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsi tərəfindən keçirilən əməliyyatda 36 yaşlı Məmməd Məmmədov və Müşfiq Səfərov saxlanılıb. Onlardan 8 kiloqram 100 qram marixuana götürülüb. Onların ifadələrində diqqət çəkən məqam narkotikləri sosial şəbəkələr vasitəsilə tanış olduqları şəxsdən aldıqlarını bildirmələri olub.

Salyanda “onlayn sifariş”lə 5 kiloqram narkotik əldə olunub

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Rauf Abuşovu saxlayıb. Onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkar edilib. Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini etiraf edib. Bu fakt artıq virtual platformaların narkotik dövriyyəsində əsas vasitəyə çevrildiyini göstərir.

Tərtərdə “bariqa” tutulub

Tərtər rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş İlham Süleymanov saxlanılıb. Ondan 1 kiloqram 465 qram həşiş və 590 qram marixuana götürülüb. İstintaq onun rayon ərazisində narkotik satışını təşkil edən şəxslərdən biri olduğunu ehtimal edir.

Son günlərdə açıqlanan faktların cəmi belədir: Ümumi çəkisi təxminən 73 kiloqramdan çox narkotik vasitə, əlavə olaraq 2999 ədəd psixotrop həb.

Saxlanılanların sayı ən azı 12 nəfər.

Əsas maddələr: marixuana, heroin, tiryək, metamfetamin, həşiş

Əsas əlaqə kanalları: sosial şəbəkələr və İran istiqaməti

İran bağlantısı və yeni taktika

Əməliyyat materiallarında təkrar-təkrar eyni detal üzə çıxır: narkotiklərin əhəmiyyətli hissəsi İran mənbəli şəbəkələr vasitəsilə Azərbaycana ötürülür və yerli “kuryerlər” tərəfindən paylanır. Bu şəxslərin çoxu əvvəllər məhkum olunmuş şəxslərdir.

Yeni tendensiya isə narkotik dövriyyəsinin klassik küçə satışından onlayn sifariş və gizli yerləşdirmə modelinə keçməsidir. Bu modeldə satıcı ilə alıcı bir-birini tanımır, əlaqə yalnız şifrəli mesajlaşma və sosial şəbəkələr üzərindən qurulur.

Daxili İşlər Nazirliyi bildirir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilmiş rejimdə davam etdirilir. Sərhəd bölgələri, paytaxtın əsas rayonları və tranzit marşrutları xüsusi nəzarətə götürülüb. Son əməliyyatların miqyası göstərir ki, hüquq-mühafizə orqanları ayrı-ayrı şəxsləri deyil, bütöv şəbəkələri ifşa etməyə yönəlmiş strategiya tətbiq edir. Bu isə o deməkdir ki, yaxın aylarda daha böyük ifşaların şahidi olmaq mümkündür.müsavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki