“Ankarada keçirilən NATO sammitində əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi oldu. Sammitdə Ukraynaya göstərilən siyasi dəstək və əldə etdiyi uğurlar yüksək qiymətləndirilsə də, görünən odur ki, Rusiya tədbirin başa çatmasından dərhal sonra Ukraynaya qarşı hərbi hücumlarını daha da intensivləşdirib. Bu isə müharibənin yaxın perspektivdə daha da genişlənməsi riskini artırır.”- bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, Rusiyanın son açıqlamaları da göstərir ki, Moskva geri çəkilmək niyyətində deyil.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ölkəsi Prezident Vladimir Putinin 2024-cü ilin iyun ayında müəyyən etdiyi məqsədlərə nail olana qədər Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirəcək. Lavrovun istinad etdiyi həmin çıxışda Putin faktiki olaraq Ukraynadan kapitulyasiya tələb etmişdi. O, Ukrayna qoşunlarının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam ərazisindən çıxmasını, Krım və işğal olunmuş digər ərazilərin Rusiya ərazisi kimi tanınmasını, Ukraynanın NATO-ya üzvlük planından imtina etməsini, ölkənin “demilitarizasiyası” və “denasifikasiyası”nı, eləcə də Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarının ləğvini əsas şərtlər kimi irəli sürmüşdü. Putin bildirmişdi ki, yalnız bu tələblər yerinə yetiriləcəyi halda atəşkəs barədə göstəriş verə bilər.”– deyə politoloq bildirib.
Politoloq qeyd edib ki, son bir ilin hərbi-siyasi mənzərəsi göstərir ki, Putinin irəli sürdüyü hədəflərin reallaşdırılması gözlənildiyi qədər asan olmayıb.
“Ukraynanın Rusiyanın enerji və hərbi infrastrukturuna endirdiyi zərbələr, xüsusilə neft emalı obyektlərinə qarşı həyata keçirilən hücumlar Rusiya üçün ciddi problemlər yaradıb. Digər tərəfdən, Rusiya ordusu Donbas istiqamətində müəyyən irəliləyiş əldə etsə də, bu irəliləyiş böyük itkilər hesabına və olduqca məhdud tempdə baş verir. Mövcud vəziyyət onu göstərir ki, tərəflər arasında yaxın zamanda siyasi həll perspektivi görünmür. Əksinə, həm NATO sammitindən sonrakı proseslər, həm də Moskvanın sərgilədiyi sərt mövqe müharibənin daha uzunmüddətli və gərgin mərhələyə keçə biləcəyini göstərir.”– deyə Arzuman Muradlı bildirib.





















