“Azərbaycanın mülki təyyarəsinin Rusiya üzərində vurulmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, rəsmi Moskva hələ də günahkarların müəyyən edilərək cəzalandırılması istiqamətində real addım atmayıb.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, bunun əsas səbəbi təyyarənin vurulması ilə bağlı əmrin birbaşa Kremlin göstərişi ilə verilməsi ehtimalıdır.
Politoloq qeyd edib ki, Rusiya tərəfi məsuliyyətdən yayınmaq üçün məsələni qəsdən uzadır.
” Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsələ ilə bağlı növbəti dəfə məntiqsiz açıqlama verib. Zaxarova açıqlamasında “təyyarənin raketlə vurulması” ifadəsi əvəzinə Kremlin təlimatına uyğun olaraq “sərnişin təyyarəsinin qəzaya uğraması” ifadəsini işlədib.Zaxarovanın “Rusiya təyyarə ilə bağlı əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir” fikrini də həqiqətə uyğun deyil. Bu günə qədər nə həlak olanların ailələrinə və yaralılara kompensasiya ödənilib, nə də təyyarənin raketlə vurulmasına göstəriş verən şəxslər məsuliyyətə cəlb olunub.”– deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun məsələ ilə bağlı son açıqlamasına da toxunub.
“Nazir bildirib ki, “Rusiya tərəfindən mütəmadi addımların atılmasını gözləyirik. Bizim mövqeyimiz dəfələrlə ən ali səviyyədə qarşı tərəfə çatdırılıb”. Bu bəyanat Rusiyanın məsələnin həllini uzatdığını göstərir. Rusiya Dövlət Duması tərəfindən qəbul edilən yeni qanuna da maraqlıdır. Qanuna əsasən, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin başqa dövlətlərə ekstradisiyası qadağan olunur. Bu dəyişiklik digər ölkələrdə cinayət törədərək Rusiyaya sığınan və daha sonra Ukraynaya qarşı müharibədə iştirak edən şəxslərin cəzasız qalmasına şərait yarada bilər.”-deyə Arzuman Muradlı bildirib.
A.Muradlı hesab edir ki, sözügedən qanun eyni zamanda Rusiyada çalışan miqrantları hərbi əməliyyatlarda iştiraka təşviq etmək məqsədi daşıyır.






















