“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəlməsində mühüm rol oynayır. Bunu imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının verdiyi mesajlar da aydın şəkildə təsdiqləyir.”- bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovla keçirdiyi təkbətək görüş və daha sonra baş tutan Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.
Arzuman Muradlı qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir.
“Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir” fikri iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi bəyanatdır. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirərək tərəflər arasında strateji əməkdaşlığı yeni müstəviyə çıxarıb. Bununla yanaşı, Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı və Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti ilə bağlı əlavə saziş iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.”– deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlı bildirib ki, görüşlər zamanı Qarabağın bərpası məsələsinin xüsusi diqqət mərkəzində olması da diqqətçəkən məqamlardandır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana göstərdiyi dəstəyə görə təşəkkür etməsi və Ağdamda Qırğızıstanın dəstəyi ilə inşa edilən, “Manas” adını daşıyan məktəbi qardaşlığın rəmzi kimi dəyərləndirməsi iki xalq arasında münasibətlərin səmimiliyini və qarşılıqlı etimadı nümayiş etdirir.
Politoloqun fikrincə, ölkə başçılarının bir-birini ali dövlət mükafatları ilə təltif etməsi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevi “Manas” ordeni ilə, Azərbaycan Prezidentinin isə Sadır Japarovu Heydər Əliyev ordeni ilə təltif etməsi qarşılıqlı hörmətin və siyasi etimadın ən yüksək ifadələrindən biridir.
Arzuman Muradlı hesab edir ki, səfərin ən önəmli nəticələrindən biri də regionlararası əməkdaşlığın genişləndirilməsidir. Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhərləri arasında qardaşlaşma haqqında memorandumların imzalanması münasibətlərin təkcə dövlətlərarası deyil, həm də şəhərlər və xalqlar səviyyəsində daha da möhkəmlənməsinə xidmət edəcək.
Politoloq sonda vurğulayıb ki, Azərbaycan və Qırğızıstan arasında imzalanan sənədlər, verilən siyasi mesajlar və əldə olunan razılaşmalar göstərir ki, iki qardaş ölkə bundan sonra həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığı daha da genişləndirəcək və müttəfiqlik münasibətlərini praktik müstəvidə daha da dərinləşdirəcək.





















