“Azərbaycana qarşı açıq təhdid və təxribat xarakterli çağırışlarına görə Rusiya vətəndaşları — “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi və media eksperti kimi təqdim olunan Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində Azərbaycan Baş Prokurorluğunun cinayət işi açaraq onların axtarışa verməsi Rusiya mediasında və siyasi dairələrində ciddi rezonans doğurub.” -bu fikirləri politoloq Arzuman Muradlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin sərt reaksiyası dəqiq və nəticəyönümlü addım olub. Politoloq qeyd edib ki, artıq Aleksey Çadayev Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa verib.
“Əslində belə bir şəxsin bu qərarı öz xoşu ilə verə bilməyəcəyi qənaətindəyəm. Çünki şovinist təfəkkürlü bir insanın Azərbaycana qarşı səsləndirdiyi təhdidlərdən səmimi şəkildə peşman olması inandırıcı görünmür”, – deyəArzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, bundan sonra Kremlin tanınmış təbliğatçılarından biri Armen Qasparyan da rusiyalı bloqerləri, jurnalistləri və siyasi şərhçiləri Azərbaycanla bağlı açıqlamalarında daha məsuliyyətli və ehtiyatlı olmağa çağırıb.
“Qasparyan onlara ‘Sputnik’in Bakıdakı ofisinin aqibətini xatırladıb. O, ‘Solovyev LIVE’ efirində Azərbaycana qarşı sərt və təhdid xarakterli açıqlamaların yeni diplomatik qalmaqallara və ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb”, – politoloq deyib.
Arzuman Muradlı Qasparyanın “ictimai-siyasi məkandakı bloqerlər özlərinə sual verməlidirlər ki, onların sözləri necə şərh oluna bilər” fikrini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Qasparyan eyni zamanda Bakı ilə münasibətlərin Moskva üçün əhəmiyyətini vurğulayıb.
Politoloq qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Azərbaycan Baş Prokurorluğunun barələrində cinayət işi açdığı şəxslərin açıqlamalarının Rusiya hökumətinin mövqeyini əks etdirmədiyini bildirib.
Zaxarova Rusiya-Azərbaycan münasibətlərinin mövcud ikitərəfli hüquqi baza, xüsusilə 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməli olduğunu deyib.
“Bu, müsbət mesaj kimi qiymətləndirilə bilər. Lakin Zaxarovaya həmin Bəyannamənin 11-ci bəndini də xatırlatmaq lazımdır. Həmin bənddə Rusiya və Azərbaycanın öz ərazilərində digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərin qarşısını qətiyyətlə almalı olduğu qeyd edilir”, – deyə Arzuman Muradlı bildirib.
Politoloqun fikrincə, buna görə də Azərbaycana və onun dövlət suverenliyinə qarşı müxtəlif vaxtlarda səsləndirilmiş təhdid və çağırışların Rusiya tərəfindən də hüquqi qiymətləndirilməsi vacibdir.





















