image-1backend

Politoloq: “Paşinyan Kremlə tam arxa çevirə bilmir – Zəngəzur dəhlizi ilə bağlı imitasiya davam edir”

image-ads-728x90

“Vaşinqton Sülh Sammitinin ildönümündə Nikol Paşinyan Kremlə tamamilə arxa çevirə bilməyəcəyini etiraf etdi”.

Bunu politoloq Arzuman Muradlı Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqton görüşünün ildönümü ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, İrəvanın hazırkı siyasəti yalnız Bakıya deyil, Vaşinqtona da məlumdur.

“Bunu təkcə biz, azərbaycanlılar görmürük. ABŞ administrasiyasına da hər şey gün kimi aydındır. Hətta Dövlət katibi Marko Rubionun Ermənistana qısamüddətli səfərindən sonra da bu proses davam edir. Əslində, həmin səfər Paşinyana və onun rəhbərlik etdiyi xarici siyasət qurumuna verilən açıq xəbərdarlıq idi ki, məsələyə qeyri-ciddi yanaşmasınlar. Lakin imitasiya taktikası hələ də davam etdirilir”, – deyə Muradlı bildirib.

Politoloq qeyd edib ki, Ermənistanda “suverenlik” adı altında müxtəlif bəyanatlar səsləndirilir və Azərbaycan ərazisinin iki hissəsi arasında təhlükəsiz və maneəsiz əlaqənin təmin edilməsi üçün xüsusi şərait yaradılmayacağı iddia olunur.

“Rəsmi Bakı Vaşinqton razılaşmalarının ruhuna və hərfinə zidd olan bu təxribatlara hələlik təmkinli reaksiya verməyə çalışır. Lakin tamamilə aydındır ki, bu vəziyyət uzun müddət belə davam edə bilməz və etməyəcək”, – deyə o vurğulayıb.

Arzuman Muradlı Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı seçim qarşısında olduğunu bildirib.

“Ermənistanın konstruktiv iştirakı ilə Zəngəzur dəhlizi açıla bilər və açılmalıdır. Digər variant isə dəhlizin Ermənistanın iştirakı olmadan fəaliyyətə başlamasıdır”, – politoloq deyib.

O, Paşinyanın “sülhpərvər” ritorikasının arxasında siyasi hesablamaların dayandığını da qeyd edib.

“Paşinyanın istifadə etdiyi təmtəraqlı və pafoslu leksikadan belə görünür ki, Bişkekdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Kremldən lazımi razılıq əldə olunmayıb. Biz növbəti dəfə sadəcə “sülhpərvərlik” görüntüsü yaratmaq cəhdi ilə üz-üzəyik”, – deyə Muradlı əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki