Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin (YMG) təşəbbüskarı olduğu layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qeyri-hökumət təşkilatlarının idarə edilməsi, institusional inkişafı və fəaliyyətinin səmərəli təşkili mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı iştirakçılara qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşkili, idarəetmə prinsipləri, strateji planlaşdırma, komanda işinin qurulması, layihələrin hazırlanması və idarə olunması, eləcə də təşkilati resurslardan səmərəli istifadə barədə məlumat verilib.
Çıxışlarda QHT-lərin institusional potensialının gücləndirilməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqi, komanda üzvləri arasında effektiv əməkdaşlığın qurulması və vətəndaş cəmiyyəti institutlarının davamlı inkişafının təmin edilməsi məsələlərinə diqqət yetirilib.
Maarifləndirici tədbirlərin əsas məqsədi iştirakçıların QHT idarəçiliyi sahəsində biliklərini artırmaq, onların təşkilati və idarəetmə bacarıqlarını inkişaf etdirmək, həmçinin vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin səmərəli təşkili barədə məlumatlılığı genişləndirməkdir.
Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihə gənclərin idarəetmə bacarıqlarının inkişafına, vətəndaş cəmiyyəti sahəsində biliklərinin artırılmasına və QHT sektorunun institusional potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.





















