“Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır. Dəhlizin fəaliyyətə başlaması ölkəmizin Naxçıvanla quru əlaqələrinin genişlənməsinə, bu istiqamətdə nəqliyyat imkanlarının və qarşılıqlı təmasların daha da artmasına şərait yaradacaq.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq Arzuman Muradlı Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən bildirib ki, dövlət başçısının dəhlizlə bağlı verdiyi mesajlar onun gələcək perspektivlərinin geniş olduğunu göstərir. Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaxın zamanda yalnız nəqliyyat xətləri üçün nəzərdə tutulmadığını bildirməsi xüsusi əhəmiyyət daşıyır.
Arzuman Muradlı qeyd edib ki, Prezidentin bu anonsu Zəngəzur dəhlizinin Azərbaycanın regional və beynəlxalq əlaqələrində böyük əhəmiyyətə malik olduğunu bir daha nümayiş etdirir. “Dəhlizin açılması Naxçıvanla daha sıx və operativ əlaqələrin qurulmasına imkan verməklə yanaşı, Azərbaycanın regionda nəqliyyat və logistika imkanlarının genişlənməsinə də mühüm töhfə verə bilər.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Zəngəzur dəhlizi gələcəkdə təkcə nəqliyyat infrastrukturu kimi deyil, həm də regionda iqtisadi, siyasi və humanitar əlaqələrin inkişafına xidmət edən mühüm bağlantı kimi çıxış edə bilər.




















