Dünən İranın xarici işlər naziri Abbas Əraqçı “The Wall Street Journal” qəzetində dərc olunan qeydi ilə İranın mümkün hücuma sərt cavab verəcəyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, o, bildirib ki, İran yenidən hədəfə alınarsa, sahib olduğu bütün imkanlarla “atəşli cavab” verəcək.
Yazıda Əraqçı özünü həm diplomat, həm də keçmiş hərbi veteran kimi təqdim edərək yazıb ki, İranda baş verən etirazlar onun “daxili və xarici terrorçular” adlandırdığı şəxslərin ölkəyə daxil olmasından sonra zorakı xarakter alıb. Onun iddiasına görə, məhz bu səbəbdən hakimiyyət beynəlxalq interneti kəsib.
İran XİN rəhbəri etiraz aksiyalarını “terrorçuluğa əsaslanan” kimi təqdim etməyə çalışıb. O, İran cəmiyyətində yaranmış böhranın daxili səbəblərini arxa plana keçirməyə cəhd edib.
Əraqçı eyni zamanda Qərb ölkələrini, xüsusilə də ABŞ-ni tənqid edərək bildirib ki, etirazçılara açıq dəstək bəyanatları böhranı daha da dərinləşdirib.





















