20 Oktyabr-Zəngilan şəhəri günü Azərbaycanın dövlətçilik tarixində, ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş torpaqların dirçəldilməsi prosesində xüsusi əhəmiyyət daşıyan tarixi gündür. Zəngilanın azad olunması yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış tarixi addım idi.

27 illik işğala son qoyulması xalqımızın sarsılmaz iradəsinin, qəhrəman hərbçilərimizin fədakarlığının və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Zəngilanın azad edilməsi ilə Azərbaycan–İran dövlət sərhədinin bu istiqamətdə tam bərpası ölkəmizin suverenliyi baxımından mühüm tarixi hadisəyə çevrildi. Bu qələbə Azərbaycanın hərbi qüdrətini və milli maraqlarını qorumaq əzmini bütün dünyaya nümayiş etdirdi.
Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Sonrakı hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhəri, dörd qəsəbə və 49 kənd düşmən işğalından azad edildi.
Zəngilanın azad olunması həm də Azərbaycan–İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsinin bərpasını təmin etdi. Bununla ölkəmizin cənub sərhədlərində suveren nəzarət yenidən tam təmin olundu, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və ərazidə yeni infrastrukturun qurulması üçün imkanlar yarandı.
Bu gün Zəngilanın simasında biz işğaldan azad edilmiş torpaqlarımızın necə sürətlə dirçəldiyinin şahidi oluruq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində rayonun müasir infrastruktur əsasında yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir.
Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi innovativ inkişaf modelinin parlaq nümunəsidir. Müasir texnologiyaların, alternativ enerji mənbələrinin və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi göstərir ki, Azərbaycan azad edilmiş torpaqlarında sadəcə yaşayış məntəqələrini bərpa etmir, gələcəyin şəhər və kəndlərini qurur.
“Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunda məskunlaşma prosesinin genişləndirilməsi dövlətin əsas prioritetlərindəndir. 2026-cı ildə Zəngilan şəhərində 104 mənzildən ibarət ilk yaşayış kompleksinin açılışı bu siyasətin konkret nəticələrindən biri oldu. Ümumi sahəsi iki hektardan artıq olan kompleksdə 12 bina inşa edilib.
Mənzillərin bir hissəsi şəhərə qayıdan ailələrin, digər hissəsi isə xidməti istifadə üçün nəzərdə tutulub. Bu layihə Zəngilanın yalnız inzibati mərkəz kimi deyil, insanların daimi yaşayacağı, işləyəcəyi, təhsil alacağı və sosial həyatını quracağı müasir şəhər kimi formalaşdırılmasına xidmət edir.
Bu gün Zəngilanda aparılan genişmiqyaslı quruculuq işləri bir daha sübut edir ki, Azərbaycanın tarixi Qələbəsi yalnız torpaqlarımızın işğaldan azad olunması ilə məhdudlaşmır. Bu Zəfərin davamı həmin torpaqlarda həyatın yenidən canlandırılması, insanların doğma yurdlarına qayıtması və bölgənin ölkəmizin iqtisadi inkişafına inteqrasiyasıdır.
Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində Zəngilan yaxın gələcəkdə Azərbaycanın ən müasir, inkişaf etmiş və strateji əhəmiyyətli bölgələrindən birinə çevriləcək.





















