Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ölkədə artan daxili təhlükələr və dərinləşən iqtisadi böhranla bağlı açıqlama verib. Korrekt.az xəbər verir ki, o, İsfahanda iş adamları ilə keçirilən görüşdə “düşmənin cəmiyyətdə narazılıq yaratmaq və sosial sabitliyi pozmaq üçün yeni planlar həyata keçirdiyini” bildirib.
Əraqçı qeyd edib ki, bu cəhdlərin əsas məqsədi “sistemi və hökuməti daxildən zəiflətməkdir”. O, eyni zamanda, yaranmış böhranın təkcə xarici təzyiqlərlə bağlı olmadığını vurğulayaraq, korrupsiya, səmərəsiz idarəetmə və “güc mafiyası”nın iqtisadi vəziyyətin ağırlaşmasında rol oynadığını etiraf edib.
Nazirin açıqlamaları İran iqtisadiyyatının son onilliklərin ən çətin mərhələlərindən birini yaşadığı dövrə təsadüf edir. Rəsmi göstəricilərə görə, yüksək inflyasiya, milli valyutanın sürətli dəyər itirməsi və əhalinin yaşayış səviyyəsinin kəskin pisləşməsi ölkədə ciddi sosial-iqtisadi təzyiq yaradıb.





















