Birləşmiş Ştatlar vasitəçi kimi çıxış edərək, Rusiyanın Donbas bölgəsini tam tərk etməsi ilə bağlı mövqeyini Ukraynaya çatdırıb.
Korrekt.az xəbər verir ki, Floridada keçirilən görüşdə Ukrayna və ABŞ nümayəndə heyətləri sülh sazişi layihəsi üzrə razılığa gələ bilməyiblər. RBC-Ukrayna-nın məlumatına görə, əsas mübahisələr ərazi məsələləri və Ukraynanın mümkün NATO üzvlüyü ilə bağlıdır.
ABŞ danışıqlarda vasitəçi kimi çıxış edir və Rusiya tərəfinin mövqelərini Ukraynaya çatdırır. Moskva Ukrayna qüvvələrinin Donbasdan tam çıxarılmasını tələb edir. Lakin Kiyev bildirir ki, konstitusiya məhdudiyyətləri, cəmiyyətin mövqeyi və cəbhədəki real vəziyyət bu tələbin həyata keçirilməsini mümkün etməyir. Ukrayna tərəfi istənilən müzakirələrin yalnız indiki təmas xəttindən başlamalı olduğunu vurğulayır.
Ukrayna nümayəndə heyəti NATO-ya üzvlük kursunun Konstitusiyada təsbit olunduğunu qeyd edərək, bu müddəanın razılaşma naminə dəyişdirilməsinin təhlükəli presedent yaradacağını bildirib. Kiyev həmçinin vurğulayır ki, Rusiya Ukraynanın Alyansa daxil olmasına veto hüququ qazana bilməz.
ABŞ tərəfi Kiyevin arqumentlərinə qulaq asmağa hazır olduğunu nümayiş etdirir, lakin Rusiya ilə danışıqların mürəkkəbliyini də xatırladır. Mənbənin sözlərinə görə, “Ola bilər ki, sən 100% haqlısan, amma başqa tərəf də var… Yox deyirsə, onda nə etmək olar?”
Görüşdən sonra ABŞ və Ukrayna rəsmiləri danışıqların məhsuldar keçdiyini, lakin bəzi mühüm məsələlərin hələ də həll olunmadığını açıqlayıblar. Danışıqların növbəti raundunun yeri hələ müəyyən edilməyib, Kiyev isə prezidentlər Vladimir Zelenski ilə Donald Tramp arasında şəxsi görüşdə israr edir.





















