image-1backend

ABŞ sərhəddə 804 kilometrdən çox baryer quraşdıracaq

image-ads-728x90

ABŞ qanunsuz keçidlərin qarşısını almaq məqsədilə çaylar və digər su yolları boyunca 804 kilometrdən artıq baryer yerləşdirməyi planlaşdırır. Korrekt.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik katibi Kristi Noem məlumat verib.

Noem Meksika ilə sərhədə yaxın Braunsvill şəhərində verdiyi açıqlamada bildirib ki, Daxili Təhlükəsizlik Departamenti və Gömrük və Sərhəd Mühafizəsi Xidməti su üzərində şamandıralardan ibarət sərhəd maneələri quraşdıracaq. Onun sözlərinə görə, ümumilikdə 804 kilometrdən çox ərazidə baryer çəkilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, artıq 209 kilometrdən çox məsafədə baryerlərin yerləşdirilməsinə hazırlıq tamamlanıb. Bu maneələr diametri təxminən 152 santimetr, uzunluğu isə 4,5 metr olan iri şamandıralardan ibarət olacaq.

Kristi Noem bildirib ki, bu baryerlər qanunsuz miqrantların, narkotik qaçaqmalçılarının və insan alveri ilə məşğul olan qrupların çaylar və digər su yolları vasitəsilə ABŞ ərazisinə keçməsini xeyli çətinləşdirəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gün imzaladığı sərəncamla əvvəlki prezident Co Bayden dövründə tətbiq edilən “müxtəliflik, bərabərlik və inklüzivlik” siyasətlərinin ləğv edildiyini elan etmişdi. Tramp administrasiyası, həmçinin qanuni miqrasiya ilə bağlı yeni hüquqi mexanizmlər üzərində işlədiyini bildirib.

Bundan başqa, miqrantların onlayn şəkildə müraciət edərək xidmətlərə çıxış əldə etməsinə imkan verən “CBP One” tətbiqinin fəaliyyəti dayandırılıb.

Eyni zamanda Tramp Quantanamo körfəzində ABŞ-a qanunsuz daxil olan və “cinayətkar miqrantlar” kimi qiymətləndirilən şəxslərin saxlanılması üçün 30 min nəfərlik tutumu olan obyektin hazırlanması barədə göstəriş verib. ABŞ müdafiə naziri Pit Heqset isə bu mərkəzin immiqrantların saxlanılması üçün uyğun məkan olduğunu iddia edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki