Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social platformasında paylaşım edərək ABŞ vitse-prezidenti Cey Di Vensin fevral ayında Ermənistan və Azərbaycana səfər edəcəyini bildirib.
Tramp paylaşımında ötən ilin avqust ayında imzalanmış Sülh Sazişinə əməl olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
ABŞ prezidenti qeyd edib ki, bu saziş uzun illər davam edən və ağır nəticələrə səbəb olan müharibəyə son qoyub. “Bu, dəhşətli bir müharibə idi, mənim başa vurduğum səkkiz müharibədən biri idi. Bu gün isə regionda sülh və rifah hökm sürür”, – deyə Tramp vurğulayıb.
Donald Trampın sözlərinə görə, vitse-prezident Vens fevral ayında ABŞ-ın sülhməramlı səylərini davam etdirmək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Təşəbbüsünü irəli aparmaq məqsədilə hər iki ölkəyə səfər edəcək.
Tramp bildirib ki, səfər çərçivəsində ABŞ Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsini planlaşdırır, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə müqavilə bağlamağı, aparıcı yarımkeçirici istehsalçıları ilə razılaşmalar imzalamağı, eləcə də Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqları — o cümlədən bədən zirehləri, qayıqlar və digər texniki vasitələrin satışını nəzərdə tutur.





















