Ankara, rəsmi olaraq 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı titulunu qazanıb. Korrekt.az xəbər verir ki, bu mərasim Qırğızıstanın Manas şəhərində keçirilib və Türk Dövlətləri Təşkilatının (TDT) təşkil etdiyi tədbir çərçivəsində baş tutub.
Tədbirdə, Türk Dünyası Turizm Paytaxtı titulunun Ankaraya verilməsi simvolik olaraq Manas Bələdiyyə başqanı Ernisbek Ormokov tərəfindən Ankara vali müavini İzzettin Sevgili və Ankara Vilayət Mədəniyyət və Turizm direktoru Erhan Karakayaya təqdim edilib.
Tədbirdə iştirak edənlər arasında Türk Dünyası Turizm Assosiasiyasının nümayəndələri, Türkiyə Respublikasının Bişkekdəki səfirliyinin təmsilçiləri və çoxsaylı qonaqlar yer alıblar. Mərasimdə türk və qırğız mədəniyyətini nümayiş etdirən tamaşalar da göstərilib, iki xalq arasındakı tarixi və mənəvi əlaqələr vurğulanıb.
Türk Dünyası Turizm Paytaxtı layihəsinin məqsədi, üzv ölkələr arasında mədəni əməkdaşlığı gücləndirmək, ortaq irsi önə çıxarmaq və Türk dünyasının turizm potensialını beynəlxalq aləmdə tanıtmaqdır.
2026-cı il boyunca Ankara, bu titul çərçivəsində təşkil ediləcək bir çox fəaliyyətə ev sahibliyi edəcək. Proqram, Türk Dünyası şəhərləri arasında mədəni həmrəyliyi və turizm sahəsində qarşılıqlı əlaqələri gücləndirmək məqsədini daşıyır.
Ankara Valiliyi, Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə dövlət qurumları, yerli idarələr və akademik dairələr ilə əməkdaşlıq edərək bu mühüm layihəni dəstəkləyəcək.
Qeyd edək ki, 2025-ci il üçün Türk Dünyası Turizm Paytaxtı Manas seçilib və bu şəhərdə keçirilən tədbirdə də eyni məqsədlə türk və qırğız mədəniyyətlərini əks etdirən bir çox fəaliyyət həyata keçirilib.





















