image-1backend

Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi müzakirə olunur – The New York Times  

image-ads-728x90

The New York Times qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, 15–16 dekabr tarixlərində Berlində keçirilən görüşlərdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə edilib. Bu zəmanətlərə Ukrayna ordusunun gücləndirilməsi, Avropa qoşunlarının ölkə ərazisində yerləşdirilməsi və ABŞ kəşfiyyat imkanlarından istifadənin genişləndirilməsi daxildir.

Nəşrin yazdığına görə, Amerika və Avropa diplomatları əsasən iki sənəd üzərində razılığa gəliblər. Birinci sənəd NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin ümumi prinsiplərini təsvir edir. Digər sənəd isə potensial işğalın qarşısını almaq məqsədilə ABŞ və Avropa ölkələrinin Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlığını əhatə edən “hərbi əməliyyat sənədi”dir.

Sənədlərə əsasən, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin “sülh dövründə” təxminən 800 min nəfər səviyyəsində saxlanılması nəzərdə tutulur. Hazırda bu göstəricinin təxminən 900 min olduğu bildirilir. Eyni zamanda, Ukraynanın quruda, dənizdə və havada təhlükəsizliyinin təmin olunmasına yardım məqsədilə Avropa hərbi kontingentinin yaradılması planlaşdırılır.

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, bəzi ölkələr artıq bu istiqamətdə müvafiq öhdəliklər götürüblər. Məlumata görə, Avropa qoşunları Rusiyaya qarşı çəkindirmə vasitəsi kimi Ukraynanın qərb bölgələrində, cəbhə xəttindən uzaq ərazilərdə yerləşdiriləcək.

Sənədlərdə həmçinin atəşkəs rejiminə nəzarət etmək, eləcə də Moskvanın mümkün “saxta bayraq” əməliyyatları daxil olmaqla fəaliyyətlərini izləmək üçün ABŞ kəşfiyyat sistemlərindən istifadənin nəzərdə tutulduğu qeyd olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki