Şahnaz Şahin
Bir gün bezəcək tanrı,
Hər şeyə xətt çəkəcək.
Bu Göy göydən düşəcək.
Bu Yer yerə çökəcək.
Buludlar baş götürüb
Gedəcək əlimizdən.
Küləklər küskün küskün
Keçəcək önümüzdən.
Yaşıl yaşıl ağaclar
Saralacaq sapsarı.
Quruyacaq güllərin
Körpə tumurcuqları.
Əl açıb yalvarmağa
Tanrı tapmayacağıq.
Yas tutub ağlamağa
Ağrı tapmayacağıq…
Adamlar, ay adamlar
Bir azca əl saxlayın.
Sonda geri dönməyə
Nə olar yol saxlayın.
Bu torpağın bağrına
Nə yaralar vurdunuz.
Iki evin yerində
Bir qəsəbə qurdunuz.
Uca-uca binalar
Susub, nəğmə oxumur.
“Yaman gününü” qonşusu
Bir-birini tanımır.
Qapılar qıfıllıdı,
Buz tutub pəncərəsi.
Birmərtəbə ev tikin,
Quşlar yuva qurası…
Şumlayın bu torpağa
Sevgi əkin, eşq əkin.
Qurana, İncilə yox
Bu torpağa and için.
Yoxsa bezəcək tanrı..,
Hər şeyə xətt çəkəcək.
Göy Göylükdən düşəcək,
Gördüyü işgəncəyə,
Ağrılara dözməyib,
Yer də yerə çökəcək…
Ömür
Bu ömür tanrı əlindən
Torpağa düşmüş kimidi.
Havadan, sudan nəm çəkib
Rəngi dəyişmiş kimidi.
Yel vurub qanadı düşüb,
Bir azca ümidi düşüb.
Övçu əlindən sürüşüb
Ürəyi uçmuş kimidi.
Bir yanı qayadı, qaya
Bir yanı keçilməz dərya.
Qəm-kədəri gəlməz saya
Lap əfi çalmış kimidi.
Çəkib aparır əlimdən
Adı düşmür ki, dilimdən.
Şah tək ayımdan, ilimdən
Bac-xərac almış kimidi.
Kim onu qumaea qoyub
Uduzub kənara qoyub.
Kərpic tək divara qoyub
Yaman yorulmuş gecədi.
Ağrıyır canı çat verir
Tanrı təkrar nicat verir.
Arzulara qanad verir
Yeni doğulmuş kimidi.
Ölüm qalım savaşının
Nə qoyursan qoy adını.
Öləzimiş ocağının
Üfür alışdır odunu..,
Şahnaz, yenə bu qadını,
Sonda aldatmış kimidi…
Gözəl gülüş
Nə gözəl gülür bu qız
Nə gözəl təbəssümü var.
Ağappaq dişləri muncuq
Gözlərində Ay rəsmi var.
Tutub ətəyindən uçur
Boz yelənli ağ buludun,
Üfüqlərə tağ buludun.
Kədərinə gülüb gedən
Sevincə ortaq buludun…
Gedir Günəşi dərməyə..,
Bir nəfəs dərmədən gedir,
Dayanıb durmadan gedir..,
Bürünüb bu təbəssümə
Yer Göyə ərməğan gedir…





















