Sovet dövründə Azərbaycanda baş verən bir çox hadisə sərt qaydalar və senzura səbəbindən gizli saxlanılıb. Buna baxmayaraq, ölkədən qaçmaq üçün müxtəlif üsullara əl atan insanlar haqqında şəhər əfsanələri dolaşır.
1961-ci ildə üç nəfərin Bakı hava limanından təyyarə qaçıraraq İrana getməyə cəhd etməsi, 1980-ci ildə Amerikaya qaçmaq istəyən bir şəxsin Bakıda təyyarədə sərnişinləri girov götürməsi, 1976-cı ildə isə təyyarəni əvvəl İrana, daha sonra Türkiyəyə yönəltmək planı kimi bir sıra faktlar mövcuddur.
Sovet dövründə Binə hava limanı “cənuba açılan qapı” hesab olunurdu. Sərhədə yaxınlığına görə SSRİ-nin bütün regional hava limanları arasında mülki geyimli KQB əməkdaşlarının ən sıx cəmləşdiyi məkan məhz burası idi.
Bu yazıda toxunacağımız hadisə hava limanının əməkdaşı Tofiq Məmmədovun (bəzi mənbələrdə Anatoli adı ilə də qeyd olunur) təyyarənin eniş şassisi bölməsində gizlənərək ölkədən qaçmaq cəhdi ilə bağlıdır.
Hadisənin 1970-ci ildə baş verdiyi bildirilir (bəzi sənədlərdə 1973–1974-cü illər də göstərilir). Binə hava limanında təmizlikçi və yükdaşıyan kimi çalışan Tofiq Məmmədov uzun müddət qaçış planı üzərində işləyib. Əsas məqsədi ABŞ-a getmək olan Məmmədov təyyarələrin texniki xüsusiyyətlərini öyrənir və sonda seçimini Livana uçan Tu-154 təyyarəsi üzərində edir.
Onun Tu-154-ü seçməsinin səbəbi təsadüfi deyildi. Köhnə modellərlə müqayisədə bu təyyarənin şassi bölməsi daha geniş idi. Məmmədov ümid edirdi ki, bölmədəki hidravlik şlanqlardan möhkəm tutaraq uçuş zamanı sağ qala bilər.
Təyyarə hava limanında texniki baxışdan keçən zaman, bu prosesdən istifadə edən Tofiq əsas şassilərin geri çəkildiyi boşluğa gizlicə daxil olur və qıvrılaraq orada gizlənir. Halbuki bu yer son dərəcə təhlükəli idi: uçuş zamanı həm mexanizmlərin hərəkəti, həm də aşağı təzyiq və 10 min metr yüksəklikdə temperaturun –50°C-yə qədər enməsi insan həyatı üçün ciddi risk yaradırdı.
Lakin plan baş tutmur. Uçuşa hazırlığa nəzarət edən texniklərdən biri – Hüseynov soyadlı əməkdaş gövdənin içərisində yad bir cismin siluetini görür. Yoxlama zamanı metal konstruksiyaların arasında sıxılmış vəziyyətdə Tofiq Məmmədov aşkarlanır. Təyyarə uçuş-enmə zolağına hərəkət etməzdən cəmi bir neçə dəqiqə əvvəl o, ordan çıxarılır.
Mütəxəssislərin rəyinə görə, əgər təyyarə havaya qalxsaydı, hipoksiya və donma səbəbindən sağ qalmaq şansı demək olar ki, yox idi. Onu xilas edənlər Tofiqin güclü qorxu səbəbindən şok vəziyyətində olduğunu bildirirlər. Üzərində isə bir parça çörək, pendir və kiçik qabda su tapılır.
Tofiq Məmmədov “SSRİ dövlət sərhədini qanunsuz keçməyə cəhd” maddəsi ilə ittiham olunur. Tibbi müayinədən sonra onda psixoloji pozuntular aşkar edildiyi bildirilir və məcburi müalicəyə göndərilir. Digər bir versiyaya görə isə o, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılıb.
Hadisə o qədər qeyri-adi idi ki, sonralar hava limanına gələn yeni əməkdaşlara zarafatla deyirdilər:
“Ətrafa diqqətlə baxın, birdən ikinci Məmmədov hardansa çıxar.”
Bu olay uzun müddət məxfi saxlanılıb. Rəhbərlik hesab edirdi ki, belə məlumatların yayılması başqalarını da oxşar cəhdlərə təşviq edə bilər.
Prof.Dr.Zaur Əliyev





















