Rusiyanın Ukraynaya qarşı 2022-ci ilin fevralında başlatdığı işğalçılıq müharibəsi uzunluğuna görə əvvəlcə 1941-1945-ci il müharibəsini, indi isə Birinci Dünya Müharibəsini geridə qoydu. Birinci Dünya Müharibəsi 1568 gün sürüb, Ukrayna müharibəsi dünən 1569-cu gününə qədəm qoydu…

Bu savaşların həm fərqli, həm də olduqca bənzər tərəfləri var. Effektiv Siyasət İnstitutunun direktoru, politoloq Vitali Andriyevskinin bu mövzuyla bağlı maraqlı məqaləsi dərc edilib. Onun qeyd etdiyi kimi, Birinci Dünya Müharibəsi demək olar, bütün Avropanı viran qoymuşdu. Dörd imperiya – Rusiya, Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları bu savaşın nəticəsində süqut etdi. Siyasi xəritədə yeni dövlətlər yarandı. Milyonlarla insan səngərlərə, aclığa, məhrumiyyətlərə dözdü. Almaniya təkcə məğlubiyyətlə deyil, həm də alçaldıcı sülh şərtlərilə üz-üzə qaldı və bu da sonradan revanşizmə, faşizmə və İkinci Dünya Müharibəsinə səbəb oldu…

Vitali AndriyevskiAncaq qeyd edək ki, Ukraynada davam edən müharibədə hələlik Avropanın yalnız Ukraynaya aid hissəsi və Rusiyanın sərhəd boyu əraziləri viran qoyulmaqdadır. Lakin bu müharibədə də iki tərəfin üst-üstə itkiləri milyonu keçir, milyonlarla, on milyonlarla insan məhrumiyyətlərə məruz qalır, öz evindən, ölkəsindən didərgin düşür…

“Xüsusi Hərbi Əməliyyat” adı altında başlayan və ilkin variantda 3-5 günə, uzağı bir neçə həftəyə bitməsi planlaşdırılan, lakin uzandıqca uzanan bu savaşın Ukraynaya nələr verdiyi, neçəyə başa gəldiyi aydındır. Bəs bu “SVO” Rusiyaya nə verdi və verir?

Bu savaş 21-ci əsrin coğrafi xəritəsində hələlik az şeyi dəyişsə də, əsrin siyasi xəritəsini ciddi şəkildə dəyişməkdədir. Putin hər nə qədər Kremlin “müharibədən başqa seçimi olmadığını” təkrarlasa da, sual yaranır: Moskva öz avantürasının bugünkü nəticələrini əvvəlcədən görsəydi, 2022-ci ilin fevralında müharibəyə başlayardımı? Məsələ ondadır ki, Rusiya bu savaşa görə artıq olduqca böyük bədəllər ödəyib və ödəməkdə davam edir. Müxtəlif hesablamalara görə, Rusiya ordusunun ölən və yaralananlar daxil omaqla ümumi itkiləri artıq bir milyonu çoxdan keçib. Müharibənin mənfi demoqrafik təsiri yalnız cəbhədəki itkilərlə məhdudlaşmır. Müharibə başlayandan sonra on minlərlə gənc mütəxəssis və ondan daha çox səfərbərlikdən yayınan gənclər ölkəni tərk etdi. Qeyd edək ki, onların üz tutduğu ölkələr arasında Azərbaycan da olub. Müharibə Rusiyada yüz minlərlə gənc ailəyə təsir etdi, əhali artımı kəskin şəkildə azaldı. Zatən demoqrafik böhranla üzləşən ölkənin insan kapitalına əlavə zərbə vuruldu.

 

2022-ci ildən başlayaraq, “dünyanın ikinci ordusu” mifi darmadağın edildi. Cəbhə xətti tədricən yeganə döyüş meydanı olmaqdan çıxdı. Müharibə Rusiyanın arxa cəbhəsinə, içərilərinə gəldi. Hərbi və iqtisadi infrastruktura, aerodromlara, anbarlara, müdafiə və neft sənayesi müəssisələrinə zərbələr endirildi. Zərbələrin təsiri və intensivliyi isə artmaqda davam edir.

Rus ordusunun yüksək rütbəli zabitləri, generalları getdikcə cəbhə xəttindən uzaqda, hətta paytaxt Moskvada hədəfə çevrilir, partladılır, məhv edilir.

Rusiyanın ərazisinin genişliyi isə onun strateji üstünlüyündən daha çox strateji zəifliyinə çevrilir. Ordu, HHM sistemləri bütün ərazini əhatə və müdafiə edə bilmir.

Bir yandan da iqtisadi göstəricilər acınacaqlı hal alır. Mərkəzi Bankın təxminən 300 milyard dollarlıq ehtiyatları Qərbdə dondurulub. Rusiya onu illər boyu gücləndirmiş Qərb maliyyə, enerji bazarlarına, texnologiyasına və investisiyalarına çıxışını itirib. Bir çox beynəlxalq şirkətlər ölkəni tərk edib. Məhdudiyyətlər bank sektoruna, təyyarə istehsalına, mikroelektronikaya, maşınqayırmaya və digər yüksək texnologiyalı sənaye sahələrinə təsir edib.

Rusiya əvvəllər qlobal bazarlara təsir göstərdiyi halda, bu gün özü Çinin şərtlərinə uyğunlaşmaq, onun istəyilə oturub-durmaq məcburiyyətində qalıb.

Rusiyanın təhlükəsizlik mövqeyi də əhəmiyyətli dərəcədə sarsılıb. Artıq hamı gördü ki, Rusiyanı, hətta Moskvanı 2-3 gündən bir bombalamaq, zavodlarını, körpülərini, aerrodromlarını, gəmilərini və s. vurmaq olar. Məhz Moskvanın Ukraynaya qarşı NATO bəhanəsilə başlatdığı bu müharibə səbəbindən Finlandiya və İsveç NATO-ya qoşuldu, nəticədə Rusiyanın Alyansla birbaşa sərhədi 1300 kilometrdən çox artdı. Müharibənin məqsədlərindən biri NATO-nun genişlənməsinin qarşısını almaq idisə, nəticə tam əksinə oldu…

 

Eyni zamanda, Rusiyanın postsovet məkanındakı təsir zonası kiçilməyə başladı. 2023-cü ildə Azərbaycan Qarabağı tam azad etdi. Rusiya “sülhməramlı” adı altında regiona yeritdiyi qoşunlarını ölkəmizdən çıxarmalı oldu.

2024-cü ildə Rusiya faktiki olaraq Yaxın Şərqdəki əsas geosiyasi istinad nöqtəsi olan Suriyanı itirdi. Bəşər Əsəd rejimi süqut etdi və Əsəd özü Moskvaya qaçdı.

2025-ci ildə Ermənistan və Azərbaycan ABŞ-nin vasitəçiliyi ilə sülh müqaviləsi imzaladılar. Bu, Rusiyanın Qafqazda təsirinin zəifləməsinin daha bir siqnalı oldu.

Elə həmin il Moldovada keçirilən parlament seçkilərində Avropapərəst qüvvələr qalib gəldi və ölkənin Avropa Birliyinə inteqrasiya kursu təsdiqləndi.

Qazaxıstan başda olmaqla Orta Asiya ölkələri birmənalı Çinin təsir dairəsinə daxil oldu.

2026-cı il yeni qarışıqlıqlar gətirdi. Venesuela lideri Nikolas Maduro Amerika hakimiyyəti tərəfindən oğurlandı və həbs edildi. İran rəhbərliyi öldürüldü və bir zamanların dünyada söz sahibi olan Rusiya bütün bunlara heç bir təsir edə bilmədi, yalnız kənardan durub baxmaqla və arxasında heç nə olmayan dişsiz bəyanatlar verməklə kifayətləndi. Rusiya artıq özünün aparıcı dünya gücü olmaması ilə barışmalı oldu

Mart ayında Macarıstanda Viktor Orbanın hökuməti uduzdu və istefa verdi. İyun ayında Ermənistanda yenə Nikol Paşinyan qalib gəldi və ölkənin Avropaya inteqrasiya kursunu bir daha bəyan etdi.

İndi isə Serbiya, Monteneqro, Kuba və hətta bəzilərinə görə, Belarusda belə yeni potensial dəyişikliklər gözlənilir. Ənənəvi olaraq Rusiyanın təsir dairəsinin bir hissəsi hesab edilən getdikcə daha çox dövlət Rusiyadan kənar inkişaf modellərini və yeni xarici siyasət istiqamətlərini axtarmağa başlayır.

Lakin ən ciddi nəticələr daxildə, Rusiyanın özündə baş verə bilər. Tarix göstərir ki, uzun sürən müharibələr nadir hallarda təkcə hərbi məğlubiyyətlə başa çatır. Bu, çox vaxt cəbhədəki hadisələrdən daha əhəmiyyətli olan daxili prosesləri tətikləyir.

Əlavə edək ki, bir çox ekspertlər Putinin də məhz bundan qorxduğu üçün bu mənasız müharibəni bitirməkdə tərəddüd etdiyini düşünür…

Yuxarıda qeyd etdiyimiz kimi, Birinci Dünya Müharibəsi Rusiya İmperiyasının süqutuna səbəb oldu. Bu gün heç kim hazırkı müharibənin Rusiya üçün beş, on və ya on beş aydan, hətta ildən sonra hansı nəticələr verəcəyini dəqiq deyə bilməz. Lakin artıq gün kimi aydındır ki, bu müharibənin təkcə Ukrayna deyil, Rusiya üçün də dəyəri 2022-ci ilin fevral ayında elan edilən hədəflərdən və düşünülən itkilərdən müqayisəolunmaz dərəcədə yüksəkdir.

İndi isə əsas sual artıq müharibənin nə vaxt bitəcəyi deyil. Əsas sual Rusiyanın bundan sonra necə olacağıdır.

Sonda qeyd edək ki, bir çox analitiklərin dediyi kimi, müharibənin bitdiyi gün Ukraynanın qaranlıq günləri bitir, onu qarşıda yeni, işıqlı, inkişaf dolu günlər, Rusiyanı isə naməlum qaranlıq gözləyir…“AzPolitika.info”