image-1backend

Bloomberg: Rusiya bu ölkədən 2000 dollara döyüşçü yığır

image-ads-728x90

Bloomberg agentliyi xəbər verir ki, Rusiya Ukraynaya qarşı müharibədə döyüşmək üçün Keniya vətəndaşlarını iş vədləri ilə cəlb edib. Korrekt.az xəbər verir ki, Keniya Xarici İşlər Nazirliyinin məlumatına görə, son aylarda azı 200 keniyalı Rusiyaya yüksək maaşlı mülki iş təklifi ilə aparılıb.

Məlumata əsasən, Afrikanın müxtəlif ölkələrindən 1400-dən çox vətəndaş Rusiyanın tərəfində Ukraynaya qarşı döyüşür. Bu şəxslərin bir qismi sürücü və ya mühafizəçi kimi işlə təmin olunacaqlarına inanıb.

Bloomberg Nayrobidən Moskvaya uçan Martin Mburu adlı keniyalının hekayəsini misal çəkir. Bildirilir ki, ona ayda təxminən 250 min Keniya şillinqi (təxminən 2000 dollar) maaş vəd olunub. Lakin Mburu noyabrın 19-da ailəsi ilə sonuncu dəfə danışdıqdan cəmi iki gün sonra Keniya televiziyasında Donbasda həlak olduğu barədə reportaj yayımlanıb. Onun həyat yoldaşı Qreys Qatoni Mburu­nun hərbi təcrübəsinin olmadığını və cəmi üç günlük təlim keçdiyini bildirib.

Nəşr Ukrayna rəsmilərinə istinadən qeyd edir ki, noyabr ayına olan məlumata görə, 30 Afrika ölkəsindən olan şəxslər Rusiya qüvvələrinə qoşulub. Həmin ay Cənubi Afrikanın keçmiş prezidenti Ceykob Zumanın qızının Cənubi Afrika və Botsvanadan kişilərin cəlb edilməsində iştirak etdiyi də üzə çıxıb.

Keniya Dövlət Prokuroru Kennedi Amvayanın sözlərinə görə, Cinayət İstintaqı Departamenti keniyalıların saxta vədlərlə müharibəyə göndərilməsi hallarını araşdırır. İstintaq Rusiyadakı tərəfdaşlarla əməkdaşlıq edən Keniya işəgötürmə agentliklərini və digər qurumları əhatə edən transmilli cinayətkar şəbəkəni hədəf alır.

Qeyd olunur ki, noyabr ayında Keniya prezidenti Uilyam Ruto Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya tərəfində döyüşməyə məcbur edilən keniyalıların azad olunmasına göstərdiyi köməyə görə təşəkkür edib.

Bloomberg xatırladır ki, oxşar hallar digər ölkələrin vətəndaşları ilə də baş verib. Daha əvvəl Hindistan və İran vətəndaşlarının da mülki iş vədləri ilə Rusiyaya aparılaraq Ukraynada döyüşməyə cəlb edildiyi barədə məlumatlar yayılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki