Korrekt.az xəbər verir ki, Fransada baş verən güclü ildırım fırtınası nəticəsində 100 mindən çox sakin elektrik enerjisiz qalıb.
BFM TV-nin elektrik paylayıcı şirkəti Enedis-ə istinadən yaydığı məlumata görə, iyulun 17-nə keçən gecə ölkə ərazisində 141 mindən çox ildırım vurması qeydə alınıb. Güclü hava şəraiti nəticəsində 53 mindən çox ev təsərrüfatının elektrik təchizatı kəsilib və bu vəziyyət 100 mindən artıq insana təsir göstərib.
Ən ciddi ziyan Yeni Akvitaniya və Overn-Ron-Alp bölgələrində qeydə alınıb. Həmin ərazilərdə müvafiq olaraq təxminən 20 min və 25 min ev elektriksiz qalıb.
Şiddətli külək və leysan yağışları nəticəsində bir sıra bölgələrdə ağaclar aşaraq yolları bağlayıb, bu isə qəza-bərpa işlərini çətinləşdirib.
BFM TV-nin məlumatına görə, təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.
Qeyd edək ki, Fransa hakimiyyəti bir gün əvvəl ölkənin qeyri-adi dərəcədə erkən başlayan quraqlıqla üzləşdiyini açıqlamışdı. Bildirilirdi ki, bu vəziyyət ölkənin müxtəlif bölgələrində rekord səviyyədə su istifadəsi məhdudiyyətlərinin tətbiqinə səbəb olub.





















