Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniya kansleri Fridrix Merzin oğurlanması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Korrekt.az xəbər verir ki, Medvedev bu cür ssenarini “hadisələrin gözəl bir dönüş nöqtəsi” kimi xarakterizə edib və onu tamamilə qeyri-real hesab etmədiyini deyib.
Medvedev sosial şəbəkədə yazdığı paylaşımda Fridrix Merzi sərt ifadələrlə tənqid edərək bildirib:
“Neonasist Merzin oğurlanması bu hadisələr karnavalında gözəl bir dönüş ola bilər. Bu, tamamilə qeyri-real deyil. Almaniya kanslerini oğurlaya bilərik”.
Bundan əlavə, Medvedev ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən tutulması ilə bağlı yayılan məlumatları da şərh edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı addımları qanunsuz olsa da, müəyyən məntiqə əsaslanır.
“Etiraf etmək lazımdır ki, Trampın davranışının açıq-aşkar qanunsuzluğuna baxmayaraq, onun müəyyən bir ardıcıllığı var. O və komandası ölkələrinin milli maraqlarını bütün sahələrdə qətiyyətlə müdafiə edirlər”, – deyə Medvedev qeyd edib.
Medvedevin bu açıqlamaları beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.





















