“İranda etirazçılara qarşı repressiyalar davam edir. Etirazların başlanmasından sonra isə ölkə iqtisadiyyatında ciddi geriləmələr müşahidə olunur. Hazırda İranın milli valyutası dünyanın ən zəif pullarından biri hesab olunur. Bu reallıq artıq Qərb iqtisadçıları tərəfindən də açıq şəkildə etiraf edilir. Hətta ABŞ-ın nüfuzlu iqtisadçı-ekspertləri İranın mövcud gedişatla iqtisadi baxımdan çöküşünün uzaqda olmadığını bildirirlər.”
Bu fikirləri saytımıza açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Arzuman Muradlı deyib. Onun sözlərinə görə, iqtisadi cəhətdən çökən ölkəni heç bir qüvvə xilas edə bilməz.
İqtisadçı alim qeyd edib ki, Qərbdə artıq İranın iqtisadi çöküşünün mümkün ssenariləri hazırlanıb. Onun sözlərinə görə, nüfuzlu “Washington Post” qəzetində İran və Güney Azərbaycanın gələcəyi ilə bağlı dərc olunan məqalədə bu çöküşün detalları geniş şəkildə təhlil edilib. Məqalənin müəllifi Hudson İnstitutunun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Dorandır.
Arzuman Muradlı bildirib ki, məqalədə irəli sürülən tezislər Ağ Evin İran siyasətinin “yol xəritəsi”nin formalaşması baxımından diqqətəlayiqdir. Belə ki, müəllif İranda fars əhalisinin əsasən Tehran və İsfahan ətrafında cəmləşdiyini, ölkənin sərhədyanı bölgələrində isə digər xalqların, o cümlədən azərbaycanlıların üstünlük təşkil etdiyini vurğulayıb.
Arzuman Muradlı əlavə edib ki, “Washington Post” məqaləsində Vaşinqtonun İranla bağlı planlar hazırlayarkən Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşməsinin vacibliyi xüsusi vurğulanır.
İqtisadçı ekspertin sözlərinə görə, ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq hazırda yüksək səviyyəyə çatıb. Bildirilib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Vens fevral ayında Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır. Donald Trampın son açıqlamalarında Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub və ABŞ-ın Azərbaycana müdafiə avadanlıqları satmaq niyyətində olduğu bildirilib.
Arzuman Muradlı hesab edir ki, ABŞ-la əməkdaşlığın gücləndirilməsi Azərbaycanın zəruri və əsaslı seçimidir:
“Rusiya və İrandakı şovinist dairələr bizə başqa seçim qoymayıblar. İran mühafizəkarları ‘Zəngəzur dəhlizinin əleyhinəyik’ dediyi halda, Vaşinqton açıq şəkildə ‘Zəngəzur dəhlizi olacaq’ mövqeyini ortaya qoydu və ötən ilin 8 avqustunda Ağ Evdə müvafiq saziş imzalandı. İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfəri zamanı ‘İrana hücum olarsa, müharibə sərhədləri aşacaq’ deyə təhdid edərkən, Donald Tramp Azərbaycanla tərəfdaşlığın gücləndiriləcəyini bəyan etdi. Belə şəraitdə ABŞ-la əməkdaşlığa üstünlük verməyimiz tam əsaslıdır.”
İqtisadçı alim sonda vurğulayıb ki, İran daxilində baş verən proseslərin regiona yayılma ehtimalı azdır. Onun sözlərinə görə, 12 gün davam edən İsrail–İran qarşıdurması İran iqtisadiyyatını faktiki olaraq tamamilə çökdürüb.






















