image-1214928_pezesikyanbackend

İran parlamentində qalmaqal: Prezident Məsud Pezeşkianın istefası müzakirə olunur  

image-ads-728x90

İranda prezident Məsud Pezeşkiana qarşı siyasi təzyiqlər artmaqdadır. Bir neçə gündür davam edən proses çərçivəsində parlamentdəki mühafizəkar və SEPAH-a yaxın deputatların dövlət başçısının impiçment yolu ilə istefaya göndərilməsi məsələsini müzakirə etdiyi bildirilir.

Korrekt.az xəbər verir ki, parlamentin bəzi nüfuzlu simalarının Prezident Pezeşkianı impiçmentlə hədələməsindən sonra vəziyyət daha da gərginləşib. Bu fonda Pezeşkianın tərəfdarları da parlamentdə fəallaşıb. İslahatçı qüvvələr prezidentin müdafiəsinə qalxıblar.

Ölkənin tanınmış islahatçı siyasi təşkilatlarından biri olan “Milli Etimad” Partiyasının sədr müavini İsmayıl Gerami Müqəddəm baş verənləri kəskin tənqid edib. O, parlamentdəki məhdud bir qrupun impiçment tələbinə əsaslanaraq hökumət və prezidentə təzyiq göstərilməsini presedentsiz hal kimi dəyərləndirib.

Gerami Müqəddəm bildirib ki, indiyədək heç bir dövrdə hakimiyyət qollarından biri digərinə qarşı bu cür açıq təhdid dili istifadə etməyib. Onun sözlərinə görə, əvvəlki illərdə parlament rəhbərliyi hökumətə münasibətdə bu səviyyədə qarşıdurma nümayiş etdirməyib.

Siyasətçi vurğulayıb ki, prezident Pezeşkian dəfələrlə ölkədə mövcud problemlər barədə açıq şəkildə xəbərdarlıq edib. O əlavə edib ki, əgər dövlət başçısı problemlərin həllinin Nazirlər Kabinetində dəyişikliklə mümkün olduğu qənaətinə gələrsə, müvafiq və zəruri addımlar atılacaq.

Hazırda İran parlamentində baş verən proseslərin necə nəticələnəcəyi və impiçment təşəbbüsünün rəsmi mərhələyə keçib-keçməyəcəyi diqqətlə izlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki