İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin ABŞ-nin Cənubi Qafqaz siyasətinin əsas hədəfinin Zəngəzur dəhlizi vasitəsilə bölgədə möhkəmlənmək və İran sərhədlərinə yaxınlaşmaq olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, o, “Tabnak” saytına müsahibəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfərini şərh edərək deyib ki, Vaşinqtonun rəsmi açıqlamasında iqtisadi və ticarət əməkdaşlığı vurğulansa da, əsl məqsəd Azərbaycanı Ermənistan üzərindən onun əsas bölgəsi Naxçıvanla birləşdirən Zəngəzur marşrutuna nəzarət imkanlarını araşdırmaqdır.
Pakayinin sözlərinə görə, bu marşrut İranla həmsərhəddir və ABŞ-nin bölgədə mövcudluğu Tehran üçün təhlükəsizlik riski yaradır.
“Amerikanın Qafqazda olmaq istəyi xoşməramlı deyil. Onlar həm Rusiyanın maraqlarına meydan oxumaq, həm də lazım gələrsə İranı təhdid etmək üçün sərhədlərimizə yaxınlaşmağa çalışırlar. Biz bunu qəbuledilməz hesab edirik”, – deyə, o, vurğulayıb.
Keçmiş diplomat iddia edib ki, Vaşinqton Zəngəzur dəhlizini sülh layihəsi kimi təqdim etsə də, əslində bu addım bölgədə yeni gərginlik yarada bilər. Onun fikrincə, ABŞ şirkətlərinin layihədə iştirakı təhlükəsizlik balansını poza və sözügedən marşrutu böyük güclər arasında rəqabət zonasına çevirə bilər.
Pakayin əlavə edib ki, İran, Rusiya və Çin Amerikanın Cənubi Qafqazda hərbi-siyasi cəhətdən möhkəmlənməsinə qarşıdır və bu planların reallaşma ehtimalını zəif hesab edir.
O, habelə, Ermənistanın qərbyönümlü siyasət yürütməsinə toxunaraq bildirib ki, Vaşinqtonun İrəvanla yaxınlaşması Tehranda narahatlıq doğurur. Buna baxmayaraq, Ermənistan tərəfinin ABŞ-nin İran sərhədləri yaxınlığında fəaliyyətinə imkan verməyəcəyi ilə bağlı söz verdiyini qeyd edib.





















