image-1backend

IX–X əsrlərə aid Oğuz türklərinə məxsus Kültobə kitabəsi tapıldı -FOTOLAR

image-ads-728x90

Qazaxıstanın Türküstan şəhəri yaxınlığında yerləşən Oranqay kəndində IX–X əsrlərə aid və Oğuz türklərinə məxsus Kültobə kitabəsi aşkarlanıb. Korrekt.az xəbər verir ki, təsadüfən bir kənd məktəbinin muzeyində tapılan bu kitabə Oğuz türklərinin yazı mədəniyyəti ilə bağlı indiyədək qəbul olunmuş elmi fikirlərə yenidən baxılmasına səbəb olub.

Kəşflə bağlı ilk ətraflı məlumatı Çanaqqala Onsekiz Mart Universitetinin müəllimi, dosent Dr. Hayrettin İhsan Erkoç açıqlayıb. Onun sözlərinə görə, kitabə türk dilinin tarixi və Oğuzların siyasi keçmişi baxımından mühüm məlumatlar ehtiva edir.

Dosent Erkoç bildirib ki, Kültobə kitabəsi Oranqay kəndində yerləşən orta məktəbin kiçik muzeyində təsadüfən aşkarlanıb. Alimin sözlərinə görə, bölgədə yerləşən Kültobə adlı qədim Oğuz yaşayış məntəqəsinin qalıqları uzun müddətdir məlum olsa da, kitabə indiyədək elmi tədqiqat obyektinə çevrilməyib.

“Muzeyə baş çəkərkən bu yazıya təsadüf etdik. Ədəbiyyatı araşdırdıqdan sonra məlum oldu ki, kitabə indiyə qədər elmi şəkildə tədqiq olunmayıb. Biz də onu elmi dövriyyəyə daxil etdik”, – deyə Erkoç qeyd edib.

Alimin sözlərinə görə, kitabənin IX–X əsrlərə aid olduğu ehtimal edilir. Qazaxıstanlı arxeoloqların araşdırmaları Oğuz türklərinin bu bölgəyə IX əsrdə gəldiyini, XI əsrin əvvəllərində isə buranı tərk etdiklərini göstərir. Bu səbəbdən kitabənin həmin dövrə aid olduğu düşünülür. Daha dəqiq tarixləndirmə üçün əlavə elmi analizlərin aparılması planlaşdırılır.

Tək sətirdən ibarət olan kitabənin oxunuşunun çətin olduğunu bildirən Erkoç, ilkin təhlillər zamanı “kazar kan kul” ifadəsinin diqqət çəkdiyini deyib. Bu ifadə “Xəzər xanın xidmətçisi” kimi tərcümə oluna bilər.

Alim bildirib ki, kitabə üzərində aparılan oxunuş və təhlillər qədim türk yazıları üzrə mütəxəssislərlə birgə aparılıb və nəticələr uyğun gəldikdən sonra elmi nəşrə təqdim olunub.

Kəşfin elmi baxımdan ən mühüm cəhətlərindən biri Oğuz türklərinin Səlcuqlardan xeyli əvvəl yazıdan istifadə etdiyini göstərməsidir. İndiyədək elmi ədəbiyyatda Oğuz türkcəsinin yalnız XIII əsrin ortalarında yazılı dilə çevrildiyi qəbul edilirdi.

“Bu kitabə göstərir ki, Oğuzlar Səlcuq dövründən əvvəl də türk əlifbasından istifadə ediblər. Əgər ‘Xəzər xanın xidmətçisi’ oxunuşu doğrudursa, bu, Oğuz Yabqu dövlətinin Xəzər Xaqanlığı ilə bağlılığına dair mühüm ipucları verir”, – deyə Erkoç vurğulayıb.

Alim əlavə edib ki, kitabənin üzərindəki möhür də türk mədəni tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlumata görə, kitabə 1990-cı illərdə qanunsuz qazıntılar zamanı tapılsa da, uzun müddət diqqətdən kənarda qalıb. Dosent Erkoç hesab edir ki, bu tapıntı Qazaxıstan ərazisində hələ də aşkar edilməyi gözləyən çoxsaylı tarixi artefaktların mövcudluğuna işarədir.

Qeyd edək ki, Kültobə kitabəsi Oğuz türklərinin tarixi, yazı mədəniyyəti və Xəzər dövləti ilə münasibətləri barədə araşdırmalara yeni istiqamət açan mühüm elmi kəşf kimi qiymətləndirilir.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki