Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avropa ölkələri Rusiya aktivlərini qaytarmalıdır, əks halda “Avropa oğruları” kimi tanınacaq və bu cinayətə görə ən sərt cavabı alacaqlar.
Korrekt.az xəbər verir ki, Zaxarova Telegram-da Fransanın prezidenti Emmanuel Makronun Avropanın dondurulmuş Rusiya aktivlərinə sahib olmaq hüququ olduğu ilə bağlı açıqlamasını şərh edərək bildirib:
“Yalnız Rusiyanın səlahiyyəti var ki, Rusiya Federasiyasının aktivləri ilə nə baş verəcəyinə qərar versin. Rusiya Federasiyasının vəsaitləri qanunsuz olaraq əlində olanlar onu qaytarmalıdırlar, yoxsa Avropa oğruları kimi tanınacaq və cinayətə görə ən sərt cavabı alacaqlar.”
Xəbərə görə, Aİ ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə üçün hüquqi mexanizmlər hazırlamağa çalışır. Aktivlərin böyük hissəsi — 200 milyard avrodan çoxu — Belçikadakı Euroclear depozitarında saxlanılır. Depozitar bir neçə dəfə bu vəsaitlərin müsadirəsinə qarşı çıxaraq xəbərdarlıq edib ki, bu, Rusiyanın digər ölkələrdə Avropa və ya Belçika aktivlərini məhkəmə yolu ilə ələ keçirməsinə səbəb ola bilər.
Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın Rusiya aktivlərinin müsadirəsinə yönəlmiş hər hansı addımı cavabsız qoymayacağını açıqlayıb.





















