MDB ölkələrinin liderlərinin idman və fiziki hazırlığı ilə bağlı maraqlı açıqlama verilib.
Korrekt.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Turkistan qəzetinə müsahibəsində həmkarlarının idman vərdişlərindən söz açıb.
Tokayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev fiziki cəhətdən güclüdür və peşəkar şəkildə mütəmadi məşq edir. Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə yaxşı formadadır və idman zalında məşq edir. Ermənistanın Baş naziri Nikol Paşinyan velosiped sürməyə üstünlük verir.
Qazaxıstan liderinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko hələ də xokkey oynayır. Tacikistan Prezidenti Emoməli Rəhmon sağlamlığından şikayət etmir, “döyüşçü-dənizçi” möhkəmliyinə malikdir. Rusiya Prezidenti Vladimir Putin isə yaxın vaxtlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə gənc cüdoçuya qarşı fənd nümayiş etdirərək yaşlı nəslin şərəfini qoruyub.
“Beləliklə, bütün həmkarlarım əla fiziki formadadır”, – deyə Tokayev vurğulayıb.
Qazaxıstan Prezidenti özü barədə də danışaraq qeyd edib ki, hər gün yoqa ilə məşğul olur və stolüstü tennis oynayır.musavat.com





















