Misirli televiziya aparıcısı Hiba əl-Ziyadın qəfil və gözlənilməz ölümü ölkənin media dünyasında böyük sarsıntı yaradıb.
Korrekt.az xəbər verir ki, cümə axşamı səhər saatlarında ölüm xəbəri açıqlanan gənc aparıcının ürək-damar çatışmazlığı səbəbindən yuxuda vəfat etdiyi bildirilib.
Hadisədən bir neçə gün əvvəl əl-Ziyad “Şəms” TV ekranlarında yayımlanan verilişinin yeni çəkilişini ləğv etdiyini dostlarına bildirib. O, son vaxtlar çox yorulduğunu deyərək bir müddət istirahət etməyə ehtiyac duyduğunu vurğulayıb.
Əl-Ziyad bir neçə ay əvvəl yayımlanan videoda sosial mediadan və naməlum şəxslərin telefon zənglərindən təhdid və şantajlara məruz qaldığını açıqlamışdı. Aparıcı həmin şəxslər barəsində hüquqi prosesə başladığını da bildirmişdi. Bu açıqlamalar onun son dövrlərdə ciddi psixoloji gərginlik içində ola biləcəyi ehtimallarını gündəmə gətirib.
Gənc aparıcının vəfatı Misirdə həm media nümayəndələri, həm də incəsənət ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb. Ölüm xəbəri onun şəxsi Facebook hesabında yerləşdirilən qısa paylaşım vasitəsilə təsdiqlənib. Əl-Ziyadın daha əvvəl heç bir sağlamlıq problemi yaşamaması isə faciənin qəfil baş verməsini daha da müəmmalı edib.Musavat.com






















