ABŞ-da tanınmış yarış avtomobili sürücüsü, keçmiş NASCAR pilotu Qreq Biffl təyyarə qəzasında həyatını itirib. Hadisə zamanı onun həyat yoldaşı Kristina, 5 yaşlı oğlu Rayder və 14 yaşlı qızı Emma da daxil olmaqla, göyərtədəki yeddi nəfərin hamısı həlak olub. Korrekt.az xəbər verir ki, qəza Şimali Karolinada, Statesville Regional Hava Limanı yaxınlığında baş verib.
Məlumata görə, Biffl və ailəsi Florida ştatının Sarasota şəhərinə səfər edirdi. Onlar məşhur YouTuber Kletus Makfarlandı ziyarət etməyə gedirdilər. Təyyarə Cessna C550 Bifflin öz adı ilə lisenziyalı pilot tərəfindən idarə olunurdu.
Qreq Biffl tanınmış yarış pilotu olmaqla yanaşı, xilasetmə əməliyyatlarında da iştirak edirdi. 2024-cü ildə ABŞ-ın cənub-şərqini vuran Helene qasırğası zamanı Biffl öz helikopterindən istifadə edərək qurbanlara humanitar yardım və dəstək avadanlığı çatdırmışdı.
Hadisə günü təyyarə yerli vaxtla 10:06-da Statesville hava limanından qalxmış, lakin bir müddət sonra geri dönərək 10:15 radələrində yerə çırpılıb. Qəzanın səbəbi hələ dəqiqləşdirilməyib, lakin zəif görünürlük ehtimal olunur.
Qreq Biffl NASCAR-ın 75 Ən Böyük Sürücüsü siyahısına daxil edilib və azarkeşlər onu həm yarışlarda, həm də xeyriyyəçilik fəaliyyətlərində göstərdiyi fədakarlığı ilə xatırlayacaqlar.





















