Elm və təhsil naziri Emin Əmrullayev süni intellektin artıq Azərbaycan məktəbinə daxil olduğunu və əsas məsələnin ondan düzgün istifadə etmək olduğunu bildirib. Bəs gələcəkdə müəllimin hansı funksiyaları süni intellektə həvalə oluna bilər və müəllimi tamamilə süni intellektlə əvəz etmək mümkündür?
Təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a açıqlamasında bildirib ki, süni intellektin sürətlə məişətə, sənayeyə, təhsilə və elmə daxil olması həm Azərbaycanı, həm də dünya ölkələrini düşündürən məsələlərdəndir.
Ekspertin sözlərinə görə, süni intellektin qarşısını almaq və onu təhsildən kənarlaşdırmaq mümkün deyil:
“Ümumiyyətlə, süni intellektin bu qədər sürətlə məişətimizə, sənayemizə, təhsilimizə, elmimizə qədər daxil olması, əlbəttə ki, təkcə bizi yox, həm də dünya dövlətlərini bir qədər narahat edir. Artıq süni intellektin yarada biləcəyi fəsadlarla bağlı həyəcan təbili çalmağa başlayıb.
Əlbəttə ki, süni intellektin qarşısını ala bilmərik, onu elmdən və təhsildən kənarlaşdıra bilmərik. Biz məcburuq bununla işləməyə. Amma müəyyən faydaları və üstünlükləri olsa da, özü ilə müəyyən problemlər də gətirir. Məsələn, yetişən nəslimiz milli mentalitetdən kənar düşə bilər. Süni intellekt bizim coğrafiyamızı, tariximizi, ədəbiyyatımızı olduğu kimi təqdim edə bilməz”.
Məzahir Məmmədli qeyd edib ki, süni intellekt hazırda müəllimi tam əvəz edə bilməsə də, onun bir sıra funksiyalarını yerinə yetirmək imkanına malikdir:
“Vəziyyət artıq o həddə çatıb ki, süni intellekt müəllimləri tam əvəz edə bilmir, amma müəllimlərin işinin, demək olar, indiki mərhələdə 50 faizini görür. Gələcəkdə müəllimi tam əvəz edib-etməyəcəyini zaman göstərəcək. Ancaq görünən odur ki, bu gün süni intellektin elmə və təhsilə faydası qədər ziyanı da olacaq”.
Ekspert hesab edir ki, süni intellektdən təhsildə istifadəyə müəyyən çərçivələr daxilində yanaşılmalıdır. Onun sözlərinə görə, artıq inkişaf etmiş ölkələrin bir çoxunda məktəblərdə və ali təhsil müəssisələrində süni intellektdən balanslı istifadəyə üstünlük verilir.
“Bu məsələlər asan olmayacaq. Düşünürəm ki, süni intellekt Azərbaycan təhsilində də öz yerini alacaq və bunun qarşısını almaq mümkün deyil. Sadəcə, yaxşı olar ki, bu gündən etibarən müəyyən təlimlər keçirilsin, ali və orta təhsil müəssisələrində əyani şəkildə maarifləndirmə işləri aparılsın. Məsələ ondadır ki, biz buna sağlam düşüncə ilə yanaşmalıyıq.
Çünki bilirik ki, ona verilən suallar, onunla davranış və onu necə yönləndirməyimiz gələcəkdə formalaşdıracağı bazaya da təsir göstərəcək. Gələcək nəsillər üçün də bizim süni intellektə verdiyimiz suallardan və onu necə istiqamətləndirməyimizdən çox şey asılı olacaq. Ona görə bu istiqamətdə müəyyən təlimlər keçirilməli, maarifləndirmə işləri sürətlə aparılmalıdır”.
Mütəxəssis bildirib ki, süni intellekt artıq şagirdlərin təhsil prosesində bir sıra işləri onların əvəzinə görməyə başlayıb:
“Artıq şagirdlərin düşünmə qabiliyyətini müəyyən mənada əlindən alır. Onlar esseləri, özünü təqdimatları hazırlayarkən ChatGPT ilə məsləhətləşirlər. Yəni süni intellekt müəyyən mənada gənclər arasında bir kütlük gətirəcək, savadsızlıq yaradacaq”.
Məzahir Məmmədlinin sözlərinə görə, süni intellekt müəllimlərə də inzibati və texniki işlərdə dəstək göstərə bilər:
“Məsələn, qrafiklər qurmaq, cədvəllər hazırlamaq, müəyyən funksiyaları yerinə yetirmək mümkündür. Sinif rəhbərləri üçün xüsusi proqramlar var ki, onlar müəllimlərə dəstək ola bilir. Bir sözlə, müəllimlərin də müəyyən funksiyalarını artıq yerinə yetirə bilir.
Ona görə mümkün qədər həm ehtiyatı əldən verməməliyik, həm də buna qarşı çıxmaq üçün imkanımız yoxdur. Bununla hesablaşmalıyıq, amma müəyyən çərçivələr daxilində”.





















