Türkiyə Zəfər Partiyasının sədri Ümit Özdağ son günlər sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrini hədəf alan təxribat xarakterli kampaniyalara sərt reaksiya verib.
Korrekt.az xəbər verir ki, partiya lideri BMT Baş Assambleyasında İsrail baş nazirinin çıxışı zamanı baş verənləri bəhanə edərək Azərbaycana qarşı hücum təşkil edənlərin arxasında xarici kəşfiyyat orqanlarının dayandığını bildirib.
Ümit Özdağ Türkiyə və Azərbaycan diplomatik münasibətlərinin unikallığını vurğulayaraq qeyd edib ki, iki ölkə arasındakı sarsılmaz bağlar dunya siyasi tarixində müstəsna yer tutur:
“Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətləri ABŞ-Böyük Britaniya, Almaniya-Avstriya və ya Rusiya-Belarus əlaqələrindən daha üstün və möhkəmdir. Dünyanın istənilən diplomatik platformasında Türk diplomatının olmadığı yerdə Azərbaycan diplomatları Türkiyənin, Azərbaycan diplomatının olmadığı yerdə isə Türk diplomatları Azərbaycanın haqq işini canla-başla müdafiə edirlər. Tərəflər heç bir təlimat gözləmədən bir-birinin milli maraqları üçün diplomatik addımlar atırlar”.
Zəfər Partiyasının lideri Azərbaycanın öz milli maraqlarına uyğun xarici siyasət yürütdüyünü və buna hörmətlə yanaşılmasının vacibliyini diqqətə çatdırıb. Özdağ bildirib ki, Azərbaycanı İsrail ilə diplomatik münasibətlərinə görə hədəf almaq ədalətsizlikdir.
O xatırladıb ki, Fələstinin zaman-zaman Azərbaycana dost olmayan mövqe nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan xalqı Türkiyənin Fələstinlə sıx əlaqələrini heç vaxt sorğulamayıb. Eyni zamanda, Azərbaycanın İsrail ilə münasibətlərinin Türkiyənin milli məsələlərində də vaxtaşırı müsbət rol oynadığı qeyd olunub.
Ümit Özdağ Kimdir?
1961-ci ildə Tokioda anadan olan Ümit Özdağ siyasət elmləri professoru, tanınmış politoloq və Zəfər Partiyasının təsisçi sədridir. Almaniyanın Münhen Lüdviq Maksimilian Universitetində təhsil alan Özdağ uzun illər Avrasiya Strateji Araşdırmalar Mərkəzinə (ASAM) və 21-ci Əsr Türkiyə İnstitutuna rəhbərlik edib. Siyasi fəaliyyəti dövründə MHP və İYİ Partiyada rəhbər vəzifələrdə çalışan, hazırda isə Türkiyə siyasətində milli təhlükəsizlik və miqrasiya siyasəti mövzularında ardıcıl mövqeyi ilə seçilən Özdağ, Türkiyə-Azərbaycan qardaşlığının fəal müdafiəçilərindəndir.Musavat.com





















