Naxçıvan Muxtar Respublikasında (MR) orta aylıq əməkhaqqı artımı Azərbaycanın başqa bölgələrindən az olub. 2025-ci ildə Naxçıvanda orta aylıq nominal əməkhaqqı 822 manat təşkil edib.
Korrekt.az bildirir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu, 2024-cü illə müqayisədə 5.1 faiz çoxdur.Halbuki ötən il bütünlükdə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısının əvvəlki ilə nisbətən 9.3 faiz artaraq 1 min 103 manata çatdığı açıqlanıb.
Naxçıvan MR əhalisinin sayı bu il yanvarın 1-də 472 min 429 nəfər təşkil edib. Bu, əvvəlki ilə görə 0.3 faiz artım deməkdir.
Prezident İlham Əliyevin təqdimatı əsasında Naxçıvan Ali Məclisinin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub. C.Musayev indiyədək Naxçıvan şəhər İcra başçısı vəzifəsində çalışıb.
C.Musayevdən öncə Baş nazir Ceyhun Cəlilov idi. Ötən il noyabrın 12-də C.Cəlilov prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəsi təyin edilib. 2022-ci ildən yaradılan bu vəzifəni ona qədər Fuad Nəcəfli tuturdu. Prezident onun fəaliyyətindən narazılığını dilə gətirmişdi.





















