image-1backend

Pezeşkianın oğlundan şok açıqlama: “İnternetin  bağlanması problemi həll etmir”  

image-ads-728x90

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə internetin bağlanmasına etiraz edərək bunun mövcud problemləri həll etməyəcəyini bildirib. Onun sözlərinə görə, internetin dayandırılması əksinə, cəmiyyətdə narazılığı daha da artırır və xalqla hakimiyyət arasındakı uçurumu dərinləşdirir.

Korrekt.az xəbər verir ki, Yusif Pezeşkian internetin nə vaxt bərpa olunacağı ilə bağlı suallara cavabında bildirib ki, bu məsələ ilə bağlı konkret məlumatı yoxdur:

“Hamı kimi mən də internetin nə vaxt normal vəziyyətə qayıdacağını bilmirəm. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verər”.

O qeyd edib ki, təhlükəsizlik orqanları internetin açılmasının ölkədə sabitliyin yenidən pozulmasına səbəb ola biləcəyindən narahatdır. Lakin onun fikrincə, daha ciddi təhlükə internetin bağlı qalmasının geniş narazılıq yaratmasıdır:

“İnternetin bağlı saxlanılması nəticəsində yalnız narazı olanlar deyil, əvvəl narazı olmayanlar da etirazçılar sırasına qoşula bilər”.

Yusif Pezeşkian vurğulayıb ki, müasir dövrdə internet həyatın ayrılmaz hissəsinə çevrilib. Onun sözlərinə görə, akademik çevrələr xarici elmi jurnallara çıxış əldə etməli, tədqiqatlarını izləməli və yayımlamalıdır. Sahibkarlar bizneslərini internet vasitəsilə idarə edir, gənclər isə onlayn platformalardan sosial və əyləncə məqsədləri üçün istifadə edirlər.

O, həmçinin qeyd edib ki, təhlükəsizlik məsələlərinin həlli üçün də internetdən istifadə olunmalıdır:

“Təhlükəsizlik orqanları interneti bağlamaq əvəzinə, ondan təhlükəsizliyin təmin olunması üçün istifadə etməlidirlər”.

Yusif Pezeşkian əlavə edib ki, hakimiyyətin əsas narahatlıqlarından biri ötən həftə zorakılığa çevrilmiş etirazlarla bağlı video və görüntülərin yayılmasıdır. Lakin onun fikrincə, bu cür materialların yayılması qaçılmazdır:

“Videolar gec-tez yayımlanacaq. İnterneti bağlamaq sanki hər şeyi silmək kimidir. Bu, problemi həll etmir, sadəcə onu təxirə salır”.

Qeyd edək ki, son günlər İranda baş verən etirazlar fonunda ölkədə internetə çıxış ciddi şəkildə məhdudlaşdırılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki