Polşa hakimiyyəti 4 mart 2026-cı il tarixindən etibarən ölkədə yaşayan ukraynalı qaçqınların xüsusi statusunu ləğv edəcək.
Korrekt.az xəbər verir ki, bu mühüm dəyişiklik barədə “Obozrevatel” qəzeti məlumat yayıb.
Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç bildirib ki, ukraynalılara xüsusi hüquqlar verən qanunun müddəti başa çatacaq və sənəd artıq qüvvədə olmayacaq. Qeyd edilib ki, sözügedən qanun Polşa prezidenti Karol Navrotski tərəfindən sonuncu dəfə 2025-ci ildə imzalanıb.
Marçin Pşidaç məsələ ilə bağlı açıqlamasında miqrasiya yükünün ölkənin imkanlarını aşdığını vurğulayıb:
“Miqyas inteqrasiya imkanlarını aşdıqda problemlər başlayır. Polşada belə problemlərin yaranmasını istəmirik. Düşünürəm ki, artıq çıxılmaz vəziyyətə çatmışıq — daha çox qəbul edə bilmərik”.
Məlumata görə, bu qərar Polşada miqrasiya və sosial yükün artması fonunda qəbul edilib və ukraynalı qaçqınların hüquqi statusunda ciddi dəyişikliklərə səbəb olacaq. Hazırda yeni qaydaların detallarının yaxın vaxtlarda açıqlanacağı gözlənilir.





















