ABŞ-ın tədqiqatçıları bildirib ki, əzələ kütləsinin artırılması və visseral (daxili orqanları əhatə edən) yağın səviyyəsinin azaldılması beynin bioloji qocalma prosesini əhəmiyyətli dərəcədə yavaşlada bilər. Korrekt.az xəbər verir ki, bu tapıntılar, Şimali Amerika Radioloji Cəmiyyətinin (RSNA) illik konfransında təqdim edilib.
Tədqiqatda 1164 sağlam könüllü, həm bədən, həm də beyin MRT müayinəsindən keçib. Alimlər, süni intellekt alqoritmlərindən istifadə edərək, yaşla əlaqədar toxuma dəyişikliklərini əks etdirən “beyin yaşı”nı hesablayıblar.
Təhlillər göstərib ki, daha yüksək əzələ kütləsi və aşağı visseral yağ-əzələ nisbəti olan iştirakçıların beyinləri “cavan” görünür. Lakin subkutan (dəri altı) yağın miqdarı bu göstəricilərə təsir etməyib.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, əzələ kütləsi və visseral yağ dəyişdirilə bilən amillərdir və onları məşq, düzgün qidalanma və terapevtik proqramlarla tənzimləmək mümkündür. Alimlər, əldə edilən nəticələrin neyrodegenerativ xəstəliklərin qarşısının alınması üçün daha dəqiq strategiyaların formalaşdırılmasına və müalicə yanaşmalarının təkmilləşdirilməsinə kömək edəcəyini vurğulayıblar.
Əvvəllər elm adamları demensiya zamanı yaddaşı qoruyan əzələlərdə zülal aşkar etmişdilər.





















