İtaliyanın paytaxtı Romada şəhər mərkəzində avtomobillər üçün maksimal sürət həddi 30 kilometr müəyyən edilib. Qərar bu gündən etibarən qüvvəyə minib.
Korrekt.az xəbər verir ki, Roma Bələdiyyəsinin rəsmi açıqlamasına əsasən, şəhər mərkəzində yerləşən məhdud nəqliyyat zonalarında (ZTL), eləcə də 1000-ə yaxın küçə və prospektdə yol təhlükəsizliyini artırmaq məqsədilə sürücülər üçün saatda 30 kilometrdən artıq sürətə icazə verilməyəcək.
Bu çərçivədə nəqliyyata nəzarət edən Roma şəhər polisinin sözügedən ərazilərdə patrul və yoxlamaları gücləndirilib.
Roma Bələdiyyəsində nəqliyyat məsələlərinə cavabdeh encümen üzvü Eugenio Patane bildirib ki, yol-nəqliyyat hadisələrinin və onların yaratdığı ağır nəticələrin qarşısını almaq bələdiyyənin əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, yeni sürət məhdudiyyəti məhz bu məqsədlə tətbiq olunub.
Patane əlavə edib ki, qaydalara əməl olunmasına nəzarəti gücləndirmək üçün şəhərin əsas magistrallarından biri olan Kristof Kolomb prospektində yeni sürətölçən kameralar quraşdırılacaq. Bundan başqa, Roma üzrə ümumilikdə 175 yeni yüksəldilmiş piyada keçidi inşa ediləcək.
Qeyd edək ki, İtaliyanın şimalında yerləşən Bolonya şəhəri oxşar sürət məhdudiyyətini iki il əvvəl, mərkəzi hökumətin etirazlarına baxmayaraq tətbiq etməyə başlamışdı.





















