Dünən ABŞ dövlət katibi Marko Rubio İranda insan haqlarının pozulmasını, Tehranın regional müdaxilələrini və Nikolas Maduro hökumətinə dəstəyini tənqid edərək bildirib ki, dünyada hökuməti ilə xalqı arasında İran qədər dərin fərq olan başqa ölkə yoxdur.
Korrekt.az xəbər verir ki, Rubio mətbuat konfransında deyib: “Dünyada elə bir ölkə tanımıram ki, orada ölkəni idarə edən rejimlə xalqı arasında bu qədər fərq olsun”. Onun sözlərinə görə, İslam Respublikası uzun və zəngin tarixin varisləri olan İran xalqını təmsil etmir.
ABŞ dövlət katibi vurğulayıb ki, İran hökuməti ölkənin sərvətlərini mənimsəyib və onları nə xalqın rifahına, nə də kifayət qədər su və elektrik təminatına yönəldib. Rubio əlavə edib ki, bu vəsaitlər dünyanın müxtəlif bölgələrində terror təşkilatlarının dəstəklənməsinə xərclənib.
“Bu səbəbdən biz bu məsələləri gündəmdə saxlamağa davam edəcəyik”, — deyə, o, bildirib.





















