Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% azalaraq 520 milyard rubl səviyyəsində olacaq. Korrekt.az xəbər verir ki, bu barədə Reuters agentliyi öz hesablamalarına istinadən məlumat yayıb.
Məlumata görə, oktyabr ayı ilə müqayisədə də azalma müşahidə olunacaq — gəlirlər 7,4% aşağı düşəcək (mənfəət vergisi nəzərə alınmadan). Agentliyin qiymətləndirməsinə əsasən, ilin ilk 11 ayında Rusiyanın neft-qaz gəlirləri 2024-cü illə müqayisədə 22% azalaraq təxminən 8 trilyon rubl təşkil edəcək.
Reuters bildirib ki, gəlirlərin azalmasının əsas səbəbləri neft qiymətlərinin enməsi və rublun möhkəmlənməsidir. Hesablamalara görə, yanvar-noyabr aylarında vergi məqsədləri üçün istifadə olunan Rusiya neftinin orta qiyməti barelə görə 57,3 dollar olub (2024-cü ildə bu göstərici 68,3 dollar idi). Eyni zamanda, rublun məzənnəsi 91,7-dən 81,1-ə qədər möhkəmlənib. Neft-qaz sektoru Rusiyanın federal büdcə gəlirlərinin təxminən dörddə birini təmin edir.
Bu arada Bloomberg məlumat verib ki, Rusiyanın Urals markalı nefti Hindistanın neft emalı zavodlarına son iki ilin ən aşağı qiymətinə satılır. Agentlik yazır ki, ABŞ-ın “Rosneft” və “Lukoil” kimi iri Rusiya neft şirkətlərinə tətbiq etdiyi sanksiyalar Hindistan NQP-ləri ilə əvvəlki gəlirli ticarətin sonu olub.
Urals markasının Brent neftinə nisbətən (çatdırılma daxil olmaqla) endirimi dekabrda yola düşüb yanvarda çatacaq partiyalar üçün barelə görə 7 dollara qədər yüksəlib. Sanksiyalar tətbiq olunmazdan əvvəl bu fərq təxminən 3 dollar idi.
Bloomberg bildirir ki, sanksiyalardan sonra Hindistanın əksər neft emalı zavodları Rusiya nefti sifarişini dayandıraraq Yaxın Şərq tədarükçülərinə üstünlük verib. Son günlər bəzi zavodlar yenidən Rusiya nefti almağa hazır olduqlarını bildirib, lakin yalnız sanksiyaya düşməmiş şirkətlərdən. Təklif olunan neft partiyalarının isə cəmi 20%-i belə şirkətlərə məxsusdur.





















