Rusiya ordusu bu günlərdə Odessa və Jitomir vilayətlərində genişmiqyaslı hücuma başlayıb. Rusiya qüvvələri, hücumda drondan istifadə edərək Ukraynaya qarşı yeni zərbələr endirib. Jitomir və Odessa vilayətlərindəki enerji obyektlərinə ciddi zərbələr vurulub.
Korrekt.az xəbər verir ki, Ukrayna mediası tərəfindən yayılan məlumatlara görə, nəqliyyat, sənaye və mülki infrastruktur obyektlərinə ziyan dəyib.
Jitomir bölgəsində enerji və nəqliyyat infrastrukturu obyektlərinə edilən dron hücumu nəticəsində “Ukrzaliznitsa” şirkətinin dörd əməkdaşı yaralanıb. Hücumdan sonra dəmir yolu relslərində qəza baş verib. Xilasedicilər, zədələnmiş lokomotivlərdən yaralıları təxliyə edərək tibb işçilərinə təhvil veriblər. Hazırda yanğınların tamamilə söndürülməsi və bərpa işləri davam edir.
İlkin məlumata görə, Odessa vilayətində Rusiya raket hücumu nəticəsində bir nəfər yaralanıb. Hücum zamanı şəhər və ətraf bölgələrdə enerji infrastrukturuna ziyan dəydiyi, həmçinin yanğınların baş verdiyi bildirilib. Daha da genişlənən hücum, gübrə və kənd təsərrüfatı texnikası üçün saxlama binalarına da ciddi ziyan vurub.
Bütün bölgələrdə təxliyə və bərpa işləri davam edir və daha çox zərər və itkilər barədə məlumatların gəlməsi gözlənilir.





















