Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə “Rus Könüllü Korpusu”nun (RDK) komandiri Denis Kapustinin qətlə yetirilməsi planlaşdırılıb.
Bu məqsədlə Rusiya tərəfinin 500 min dollar vəsait ayırdığı bildirilib.
Korrekt.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) yaydığı məlumata görə, bir aydan artıq davam edən xüsusi əməliyyat nəticəsində Kapustinin həyatı qorunub saxlanılıb. Eyni zamanda, sifarişin arxasında dayanan Rusiya xüsusi xidmət orqanlarındakı sifarişçilər və icraçılar tam şəkildə müəyyən edilib.
GUR-un açıqlamasında qeyd olunur ki, əməliyyat çərçivəsində qarşı tərəfə Kapustinin guya “öldürüldüyü” barədə dezinformasiya ötürülüb. Bunun müqabilində Rusiya xüsusi xidmətlərinin ayırdığı 500 min dollar məbləğində vəsait əldə edilib.
Bildirilib ki, sözügedən vəsait Ukraynanın xüsusi təyinatlı bölmələrinin ehtiyaclarının qarşılanmasına yönəldiləcək.





















