Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Baltik dənizinin beynəlxalq suları üzərində Polşa hava məkanının sərhədləri yaxınlığında uçan Rusiya kəşfiyyat təyyarəsini ələ keçirib.
Korrekt.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Polşa qırıcıları Rusiya təyyarəsini vizual olaraq müəyyən edib və məsuliyyət zonasından çıxanadək onu müşayiət ediblər. Hadisə NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir dövrdə baş verib.
Reuters xatırladır ki, NATO-nun şərq cinahına daxil olan ölkələr sentyabr ayından etibarən potensial hava məkanına müdaxilələrə qarşı yüksək hazırlıq vəziyyətindədir. Həmin vaxt üç Rusiya hərbi təyyarəsi Estoniyanın hava məkanını 12 dəqiqə ərzində pozmuşdu. Bu hadisə, həmçinin 20-dən çox Rusiya dronunun Polşa hava məkanına daxil olmasından bir neçə gün sonra qeydə alınmışdı.
Polşa ordusunun açıqlamasında bildirilir ki, son günlərdə Belarus tərəfdən də Polşa hava məkanına müxtəlif obyektlərin daxil olduğu müşahidə olunub. Sonradan aparılan təhlillər nəticəsində bu obyektlərin böyük ehtimalla küləyin istiqaməti və sürətinə uyğun hərəkət edən qaçaqmal şarları olduğu müəyyən edilib.
Təhlükəsizlik məqsədilə Belarusla həmsərhəd Polşanın şimal-şərqində yerləşən Podlaskie voyevodalığı üzərində hava məkanının bir hissəsi mülki aviasiya üçün müvəqqəti olaraq bağlanıb.
Qeyd edək ki, ötən həftə İsveç hakimiyyəti də Rusiyaya məxsus və silah daşınmasında şübhəli bilinən “Adler” adlı gəmini saxlamışdı. ABŞ və Avropa İttifaqının sanksiya siyahısında olan bu gəminin Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi Şimali Koreya sursatlarını daşıdığı iddia olunur.





















