image-1backend

Sabiq prezident  bütün dövlət mükafatlarından məhrum edildi

image-ads-728x90

Qırğızıstan Prezidenti Sadır Japarov keçmiş dövlət başçısı Almazbek Atambayevin bütün dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb. Korrekt.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bildirilir ki, qərar Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmü əsasında qəbul edilib. Fərmana əsasən, Atambayev “Qırğızıstan Respublikasının Qəhrəmanı” fəxri adına, eləcə də “Danaker”, “Manas” ordenlərinə və “Dank” medalına layiq görülmə statusunu itirib.

Qeyd edək ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi Almazbek Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə qərarına əsasən, onun əmlakının müsadirəsi də nəzərdə tutulur.

Keçmiş prezident korrupsiya və bir sıra digər ağır cinayətlərdə ittiham olunur. İttihamlar arasında Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiya, Çuy vilayətinin Koy-Taş kəndində torpaq sahələrinin qanunsuz əldə edilməsi, həmçinin 2019-cu ildə kütləvi iğtişaşların təşkili yer alır.

Xatırladaq ki, Atambayevi 7 avqust 2019-cu ildə Koy-Taş kəndində saxlamağa cəhd edilib. Əməliyyat zamanı onun tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib, nəticədə bir təhlükəsizlik əməkdaşı həlak olub. Keçmiş prezident ertəsi gün təslim olub.

Bundan əlavə, Atambayev qətl, hakimiyyəti zorla ələ keçirməyə cəhd, qanunsuz varlanma, eləcə də 2013-cü ildə cinayət aləminin tanınmış simalarından biri olan Əziz Batukayevin qanunsuz azadlığa buraxılması işində əsas fiqurlardan biri kimi ittiham edilir.

Almazbek Atambayev isə məhkəmə hökmünü siyasi təqib adlandırıb. O, Qırğızıstan hakimiyyətini işin ədalətli araşdırılması üçün Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə çağırıb. Atambayev bildirib ki, beynəlxalq tribunal onu günahkar hesab edərsə, istənilən cəzanı çəkməyə hazırdır. Bunun üçün isə Qırğızıstanın Roma Statutunu ratifikasiya etməsinin vacib olduğunu vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki