image-suriye-aa-2430540backend

Suriya ordusu Hələbdə kürdlərə qarşı  əməliyyata başlayıb

image-ads-728x90

Suriyada YPG/SDG ilə razılaşma cəhdlərinin nəticəsiz qalmasından sonra Suriya ordusu Hələbin Şeyx Məqsud məhəlləsində hədəfli hərbi əməliyyatlarını bərpa edib.

Korrekt.az xəbər verir ki, hərbi mənbələrin verdiyi məlumata görə, ordunun YPG/SDG silahlı ünsürlərinə qarşı ağır silahlardan istifadə etdiyi əməliyyat Şeyx Məqsud məhəlləsinin ətrafındakı bir neçə nöqtədən yenidən başlayıb. Bölgədə fəaliyyət göstərən media qrupları əməliyyat zamanı şiddətli toqquşmaların yaşandığını, silahlı qruplaşmaların da cavab atəşi açdığını bildirib.

Suriya Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əməliyyat başa çatanadək yerli vaxtla saat 16:00-dan 18:00-dək humanitar dəhlizin açıq olacağını açıqlayıb və sakinləri bu müddət ərzində ərazini tərk etməyə çağırıb.

Suriya dövlət televiziyası Əl-İxbariyyə əməliyyatın yenidən başladığını təsdiqləyərək bildirib ki, “təmizləmə işləri başa çatdıqdan sonra məhəllə təhlükəsizlik qüvvələrinə və dövlət qurumlarına təhvil veriləcək və dərhal bərpa işlərinə başlanacaq”.

Məlumata görə, YPG/SDG Fərat çayının şərqinə çəkilmə ilə bağlı əldə olunan razılaşmanı pozub. Suriya ordusu dünən başladığı əməliyyatlar nəticəsində Hələbdəki Əşrəfiyyə və Bəni Zeid məhəllələrinin böyük hissəsini nəzarətə götürüb.

Suriya Müdafiə Nazirliyi səhər saat 03:00 radələrində müvəqqəti atəşkəs elan edərək, YPG/SDG-dən Hələbi tərk etməyi və saat 09:00-dək Fərat çayının şərqinə doğru çəkilməyi tələb edib. Səhər saatlarında bölgədə nisbi sakitlik müşahidə edilib və təxliyə üçün Şeyx Məqsud məhəlləsinin girişinə çoxsaylı avtobuslar göndərilib.

Əşrəfiyyə və Bəni Zeid məhəllələrinin nəzarətə götürülməsindən sonra Şeyx Məqsudda toplaşan silahlı ünsürlərin bir hissəsinin qaçmağa çalışdığı bildirilir. Lakin razılaşmanı qəbul etdiklərini bildirən bəzi YPG/SDG üzvlərinin təhlükəsizlik qüvvələrinə atəş açdığı da qeyd olunub.

Suriya ordusu mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizin açıldığını və təşkilata məxsus hədəflərin koordinatlarının paylaşıldığını açıqlayıb.

Qeyd edək ki, YPG/SDG yanvarın 6-dan etibarən işğal altında saxladığı ərazilərdən Hələbdə bir sıra hücumlar həyata keçirib. Dəməşq hökuməti təşkilatdan 10 mart tarixli razılaşmaya əməl etməyi və hücumları dayandırmağı tələb etsə də, hücumların davam etməsi səbəbilə Suriya ordusu Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeid məhəllələrində hədəfli əməliyyatlara başlayıb.

Yanvarın 6-dan bəri davam edən hücumlar nəticəsində 9 suriyalı həyatını itirib, əksəriyyəti mülki şəxslər olmaqla 55 nəfər yaralanıb. Hələb Şəhər Mərkəzi Komitəsi isə təhlükəsiz bölgələrə təxliyə edilən insanların sayının 142 min nəfərə çatdığını açıqlayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki