Polşada yüksək vəzifəli siyasətçilər və maliyyə sektorunun tanınmış nümayəndələri qanunsuz diplom əldə etmə işi ilə bağlı həbs edilib.
Korrekt.az xəbər verir ki, Goniec.pl portalının məlumatına görə, Polşanın Mərkəzi Korrupsiyaya Qarşı Mübarizə Bürosu (CBA) ölkənin siyasi və maliyyə dairələrində tanınan üç şəxsi saxlayıb. Onların arasında Polşanın Fransadakı hazırkı səfiri Yan R., keçmiş “Hüquq və Ədalət” (PiS) partiyasının millət vəkili Maksim K. və tanınmış bankir Pavel P. var.
Həbslər Varşava mərkəzli Collegium Humanum adlı özəl ali təhsil müəssisəsi ətrafında aparılan genişmiqyaslı istintaq çərçivəsində həyata keçirilib. Qeyd edək ki, bu universitetin Varşavada qərargahı, Rjeşov və Poznanda filialları, eləcə də Çexiya (Praqa, Frıdek-Mistek), Slovakiya (Bratislava) və Özbəkistanda nümayəndəlikləri mövcuddur. 2024-cü ildə məlum olmuşdu ki, sözügedən təhsil müəssisəsi müvafiq imtahanlar keçirilmədən yüzlərlə magistr və MBA dərəcəsi verib.
Məlumata görə, həbslər bu həftənin əvvəlindən başlayıb. Maksim K. bazar ertəsi, Pavel P. isə çərşənbə axşamı evlərində saxlanılıb. Onlar Katovitse şəhərinə aparılaraq saatlarla dindirilib və digər şübhəlilərlə üzləşdirilib. Yan R. isə Polşaya qayıtdıqdan sonra CBA əməkdaşları tərəfindən həbs edilərək Katovitseyə aparılıb. Onun dindirilməsi Milad səhəri başa çatıb.
İstintaq Collegium Humanum-un rəhbəri Pavel T.-nin təşkil etdiyi sxem çərçivəsində biznesin idarə edilməsi üzrə magistr və MBA dərəcələrinin qanunsuz əldə edilməsi ilə bağlıdır. Müstəntiqlərin fikrincə, bu diplomlar dövlət şirkətlərinin müşahidə şuralarında vəzifə tutmaq üçün rəsmi əsas kimi istifadə olunub. Belə dərəcələr yüksək nüfuzlu və yaxşı maaşlı vəzifələrə yol açdığı üçün siyasi və maliyyə dairələrində maraq doğurub.
İstintaq materiallarında qeyd olunur ki, uzun illər PiS partiyasından millət vəkili olmuş və Polşanın ən böyük banklarından birinin keçmiş idarə heyəti sədr müavini Maksim K. təkcə özü üçün deyil, bacısı və səfir Yan R. daxil olmaqla digər şəxslər üçün də diplom əldə edilməsinə kömək edib. İddialara görə, o, Elm Nazirliyindəki əlaqələrinə və Piotr Müller ilə münasibətlərinə istinad edərək, universitetin fəaliyyəti ilə bağlı prosedurların sürətləndirilə biləcəyini bildirib. Bundan əlavə, Maksim K.-nın prosesin sürətləndirilməsi üçün on minlərlə dollar dəyərində İsveçrə saatı təklif etdiyi də iddia olunur. O isə bütün ittihamları rədd edir.
Pavel P. uzun illər bank sektorunda yüksək vəzifələrdə çalışmış təcrübəli bankirdir və hazırda böyük banklardan birinin idarə heyətində korporativ bankçılığa cavabdehdir. Müstəntiqlər onun əldə etdiyi MBA dərəcəsindən dövlət şirkətlərində müşahidə şuralarına təyinatlar üçün istifadə etdiyini ehtimal edirlər.
Yan R. isə əvvəllər böyük Polşa bankının vitse-prezidenti və idarə heyətinin sədri olmuş, 2022-ci ildən Polşanın Fransadakı səfiri vəzifəsini icra edir.
Mənbələrin bildirdiyinə görə, həbslər Prokurorluq və Mərkəzi Korrupsiyaya Qarşı Mübarizə Bürosu tərəfindən aparılan uzunmüddətli istintaqın nəticəsidir. Əməliyyatlar eyni vaxtda bir neçə ünvanda keçirilib, dindirmələr və üzləşmələr saatlarla davam edib. İstintaq orqanları bu iş üzrə yeni həbslərin də istisna olunmadığını bildirir.





















