“Barselona” klubunun qapıçısı, Almaniya millisinin üzvü Mark-Andre ter Ştegen klub daxilində məxfi məlumatların mətbuata sızdırılmasında şübhəli bilinir.
Korrekt.az xəbər verir ki, bu barədə jurnalist Rafael Hernandez məlumat verib. Onun yazdığına görə, katalon klubunda baş verən daxili proseslərlə bağlı bəzi informasiyaların mediaya ötürülməsi ilə bağlı aparılan araşdırmada ter Ştegenin adı ön plana çıxır.
Xatırladaq ki, daha əvvəl beynəlxalq idman mediasında “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin komandanın soyunma otağında məlumat sızdıran şəxsi müəyyən etdiyi, lakin konkret adların açıqlanmadığı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən etibarən “Barselona”nın formasını geyinir və uzun illərdir klubun əsas qapıçılarından biri hesab olunur. Klub rəhbərliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.





















