image-1backend

Türkiyə bir ilkə imza atır: Hidrogenlə işləyən qatar hazırlanır

image-ads-728x90

Hidrogen yanacaq elementi ilə işləyən qatarın hazırlanması üzrə layihə çərçivəsində Türkiyə ilə Böyük Britaniya arasında əməkdaşlıq protokolu imzalanıb. Korrekt.az xəbər verir ki, protokol Nəqliyyat və İnfrastruktur Nazirliyində Böyük Britaniya ilə Türkiyə Dəmir Yolu Sistemləri Nəqliyyat Vasitələri Sənayesi A.Ş. (TÜRASAŞ) arasında bağlanıb.

Sazişi TÜRASAŞ-ın baş direktoru Səlim Koçbay və Böyük Britaniyanın Türkiyədəki səfiri Jill Morris imzalayıb. Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, bu əməkdaşlıq təkcə dəmir yolu sektoru üçün deyil, həm də ekoloji cəhətdən təmiz və davamlı nəqliyyat məqsədləri baxımından mühüm əhəmiyyət daşıyır.

Nazirin sözlərinə görə, hidrogen yanacaq elementi ilə işləyən qatarlar karbon emissiyalarını və səs-küy çirkliliyini azaldaraq daha komfortlu və ekoloji cəhətdən təmiz nəqliyyat imkanı yaradır.

Uraloğlu qeyd edib ki, layihə çərçivəsində Böyük Britaniyanın nüfuzlu akademik və ekspert qurumları texniki dəstək göstərəcək. Onun sözlərinə görə, Türkiyə tərəfində TÜRASAŞ prototip istehsal mərkəzi kimi layihədə mərkəzi rol oynayacaq.

Nazir bildirib ki, layihənin bütün hüquqları TÜRASAŞ-a məxsus olacaq və Eskişehir Regional Müdirliyində hidrogen yanacağı ilə işləyən lokomotivlərin istehsalı planlaşdırılır. Layihənin tədqiqat və inkişaf xarakteri daşıdığı vurğulanıb.

Uraloğlu əlavə edib ki, əməkdaşlıq çərçivəsində dizayn, sistem arxitekturası, enerji elektronikası, enerji idarəetməsi və təhlükəsizlik kimi sahələrdə texniki bilik və dəstək təmin olunacaq. Bu addımın yerli mühəndislik potensialını daha da gücləndirəcəyi qeyd edilib.

Nazirin sözlərinə görə, layihə texnologiya ötürülməsi və bilik paylaşımı baxımından da böyük əhəmiyyət kəsb edir və məqsəd TÜRASAŞ-ı hidrogen texnologiyaları sahəsində regional mərkəzə çevirməkdir. O, həmçinin bu təşəbbüsün uzunmüddətli perspektivdə ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinə keçiddə mühüm rol oynayacağını vurğulayıb və layihəni “Türkiyə Əsri” vizyonunun vacib tərkib hissəsi kimi qiymətləndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki