Türkiyə və Macarıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirən yeni müqavilələr imzalayıb. Macarıstanın Baş naziri Viktor Orbanın Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli müdafiə sənayesi çərçivə sazişi imzalanıb. Paralel olaraq, 4iG Kosmos və Müdafiə Texnologiyaları (4iG SDT), ASELSAN və Nurol Makina arasında iki vacib müqavilə bağlanıb.
Korrekt.az xəbər verir ki, müqaviləyə əsasən, 4iG SDT 2030-cu ilə qədər Macarıstan bazarında Gidran 4×4 zirehli avtomobillərinin satışı üzrə eksklüziv distribyutorluq hüququ əldə edib. Gidran 4×4, Nurol Makina tərəfindən istehsal olunan Ejder Yalçın zirehli avtomobil ailəsinin Macarıstan üçün xüsusi hazırlanan versiyasıdır. Bu anlaşma ilə 4iG SDT bu avtomobillərin Macarıstanda satış və təchizatına görə yeganə səlahiyyətli şirkət olacaq.
Saziş, Gidran avtomobillərinin tədarükü, inkişafı və istehsalını əhatə edən daha geniş çərçivə razılaşmasının bir hissəsidir. Avtomobillərin yığılması və müəyyən alt sistemlərin istehsalı Macarıstanın Raba şirkətinin iştirakı ilə Gyor şəhərində həyata keçiriləcək.
4iG SDT və Nurol Makina arasında imzalanan müqavilə, Raba və Nurol Makina arasında mövcud istehsal əməkdaşlığını tamamlayır. Raba şirkətinin əsas payının 4iG SDT tərəfindən alınması prosesi davam edir. Yeni razılaşmaya əsasən, Gidran proqramı üzrə istehsal, satış və texniki xidmət vahid korporativ çərçivədə idarə olunacaq.
Bu günə qədər dizaynı Macarıstan Ordusu və Müdafiə Nazirliyinin mütəxəssisləri ilə birgə hazırlanan və Nurol Makina tərəfindən Türkiyədə istehsal olunan 100-dən çox Gidran avtomobili ordunun xidmətinə verilib.
Gələn ildən Macarıstanda yerli istehsalın başlanacağı gözlənilir. Nurol Makina və Raba-nın ortaq müəssisəsi ölkədə 400-dən çox Gidran avtomobili istehsal etməyi planlaşdırır ki, bu da Macarıstanda həmin modelin sayını əhəmiyyətli dərəcədə artıracaq.
Bundan başqa, 4iG SDT və ASELSAN arasında Macarıstanda uzaqdan idarə olunan silah sistemləri, anti-PUA (PUA əleyhinə) texnologiyaları və hava hücumundan müdafiə həllərinin yaradılması və istehsalı üçün birgə müəssisənin təsis olunmasına dair razılıq əldə edilib.
Bu anlaşmalar Türkiyə və Macarıstan arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı daha da gücləndirəcək və NATO standartlarına uyğun müdafiə texnologiyalarının inkişafını dəstəkləyəcək.





















