Türkiyənin milli müdafiə naziri Yaşar Güler Qəzza zolağında təhlükəsizliyin təmin olunması üçün yaradılması nəzərdə tutulan beynəlxalq sabitlik (sülhməramlı) qüvvəsi ilə bağlı açıqlama verib. O bildirib ki, bu missiya üçün nəzərdə tutulan qüvvələr özünü təmin edə biləcək səviyyədə hazırlanıb və artıq təlimlərə başlanılıb.
Korrekt.az xəbər verir ki, Yaşar Güler bu fikirləri Yaponiyanın Kyodo News agentliyinin suallarını cavablandırarkən səsləndirib. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsinə dair istək mövcuddur.
Güler vurğulayıb ki, Türkiyənin mümkün sülhməramlı missiyada iştirakının yeganə məqsədi humanitar yardıma töhfə vermək və qarşıdurmaların dayandırılmasına kömək etməkdir. O qeyd edib ki, bu təşəbbüs İsrail üçün heç bir təhlükə yaratmır və bu məsələdə anlayış gözlənilir.
Nazir, eyni zamanda, PKK terror təşkilatının hələ də Suriya, İraq və İranda fəaliyyətini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, bütün silahlar təhvil verilməyənədək təhlükə aradan qalxmış sayılmayacaq.
SDQ ilə bağlı məsələyə də toxunan Güler xatırladıb ki, bu qurum 10 mart 2025-ci ildə qüvvə və strukturlarının Suriya ilə inteqrasiyası barədə razılığa gəlib. Nazir qeyd edib ki, bu inteqrasiya prosesi mümkün qədər tez başa çatdırılmalıdır.
Yaponiya Türk PUA-larına maraq göstərir
Nazir Yaşar Güler Yaponiyanın Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarını (PUA) tədarük etməyi nəzərdən keçirdiyini də bildirib. Onun sözlərinə görə, bu PUA-lar uzun müddət havada qalma, fasiləsiz müşahidə aparma imkanları və qənaətcil istifadəsi ilə seçilir.
Güler qeyd edib ki, bu texnologiyalar Yaponiya üçün çəkindirici amil rolunu oynaya bilər və onların seçiləcəyinə ümid etdiyini bildirib. O əlavə edib ki, Türk PUA-ları real döyüş şəraitində əldə olunan təcrübə əsasında hazırlanmış etibarlı və çevik sistemlərdir.
Nazir mümkün nümunə kimi TUSAŞ tərəfindən istehsal olunan ANKA pilotsuz uçuş aparatını göstərib. Bununla yanaşı, Baykar şirkətinin istehsalı olan Bayraktar TB2 və onun davamı olan Bayraktar TB3 modellərinin də Yaponiyanın müdafiə qabiliyyətinə ciddi töhfə verə biləcəyini vurğulayıb.
Güler bildirib ki, Yaponiyanın müdafiə naziri Nakatani Genin Ankaraya səfərindən sonra Türkiyə ilə Yaponiya arasında dəniz təhlükəsizliyi, pilotsuz sistemlər, təlim və hava hücumundan müdafiə texnologiyaları sahələrində konstruktiv danışıqlar davam edir. Onun sözlərinə görə, Milli Müdafiə Nazirliyinin nümayəndə heyətinin bu ilin mart ayında Yaponiyaya səfəri və müdafiə sənayesi, eləcə də çərçivə sazişi mövzularının müzakirəsi planlaşdırılır.
Nazir sonda qeyd edib ki, Yaponiyanın yüksək texnoloji potensialı ilə Türkiyənin çevik istehsal imkanları və beynəlxalq əməliyyat təcrübəsinin birləşməsi müdafiə sənayesi əməkdaşlığını strateji səviyyəyə daşıya biləcək mühüm potensiala malikdir.





















