Rusiya təhlükəsizlik qurumlarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin iki diversiya qrupunun Kupyansk yaxınlığında şəhərə daxil olmaq cəhdi zamanı səhvən bir-birinə atəş açması nəticəsində itkilər qeydə alınıb. Korrekt.az xəbər verir ki, bu barədə informasiya TASS-a istinadla yayılıb.
Mənbənin bildirdiyinə görə, diversiya qruplarının tapşırığı şəhərdə Ukrayna bayraqlarının quraşdırılması ilə “nümayiş xarakterli əməliyyat” aparmaq olub.
“İki düşmən diversiya qrupu Kupyansk yaxınlığında səhvən bir-birinə atəş açıb. Radio danışıqlarına əsasən, plan şəhərdə Ukrayna bayraqlarını sancmaqdan ibarət olub”, – mənbə qeyd edib.
Rusiya tərəfi bildirir ki, bu əməliyyat Ukrayna qüvvələrinin şəhərə qismən nəzarəti olduğunu göstərmək məqsədi daşıyıb. Eyni zamanda diversantların vəzifəsi rus qüvvələrinin müəyyən mövqelərini sıradan çıxararaq müdafiəni yarmaq olub. Lakin məlumatlara görə, cəhd uğursuzluqla nəticələnib.
İlkin məlumata görə, Ukrayna tərəfi 5 nəfər itirib, daha 3 hərbçi yaralanıb. Rusiya mənbələri hadisəni Ukrayna bölmələri arasında koordinasiyanın zəifliyi, tələsik qərarların qəbulu və səriştəsiz rəhbərliklə əlaqələndiriblər.





















